Azərbaycanlılara müraciətdə Azəri deyimi və bu deyimin KİV-də, sosial şəbəkələrdə, eyni zamanda daxildə və xaricdə yayılması, təbliği qərəzli məqsədə xidmət edir və kobud səhfdir. Təəssüflər olsun ki, bu qərəzli məqsədin yayılmasında və təbliğində ziyalı təbəqəsinin bəzi nümayəndələri də birbaşa iştirak edir.
Bu cür qərəzli və məqsədli yanaşma tərzinə ciddi şəkildə etiraz edən ELAZ.İNFO-ya danışan siyasi şərhçi Qulamhüseyn Əlibəyli Milli Məclisin deputatı Səyyad Aranın çıxışına diqqət çəkib. və bildirib ki, “Milli Məclisin deputatı S.Aranın bir çıxışı və onun ətrafındakı müzakirələr Azərbaycan tarixşünaslığında kəsrəviçilik məsələsinin bir daha gündəmə gətirdi. Kəsrəviçilik etnik cəhətdən türk Əhməd Kəsrəvinin 1921-ci ildə İran şahının tələbi ilə yazdığı “Azəri ya Zəban-Bastane Azərbaycan” adlı əsəri əsasında formalaşmış bir nəzəriyyədir. Onun qısa mahiyyəti bundan ibarətdir ki, müasir Azərbaycanın ərazisində ən qədim zamanlarda azəri adlı irandilli xalq yaşayıb. Sonradan gəlmə türklər (səlcuqlar) onları assimilyasuya edib və türkləşdirib. Yəni müasir Azərbaycanın ərazisində yaşayan türklər aborigen xalq deyil sonradan bu əraziyə gəlmədirlər. Aborigen xalq olan azərilər isə zorla türkləşdirilib və öz düllərini unudaraq türk dilində danışmağa məcbur olublar. Ermənilər də bu nəzəriyyəni bir qədər dəyişərək eyni mövqedən çıxış edirlər”.
Q. Əlibəyli vurğulayıb ki, “Kəsrəviçilik ötən əsrin ortalarından Azərbaycan tarixşünaslığında aparıcı məktəb olub. Bu məktəbin ən görkəmli nümayəndəsi Azərbaycan-sovet tarixçisi, akademik İqrar Əliyev olub.
1960-cı illərdə 3 cildlik “Azərbaycan tarixi” nəşrinin 1-ci cildi də kəsrəviçiliyə əsaslanır. Sonradan Süleyman Əliyarov, Mahmud İsmayılov, Şövkət Tağıyeva, Yaqub Mahmudov və başqaları kəsrəviçiliyi tarixşünaslığımızdan sıxışdırıb çıxarsa da, Səyyad Aranın çıxışında kəsrəviçiliyin təsirlərinin hələ də yaşadığı görünür”.
İlahə BAYINDIR