Saz Azərbaycan türkü üçün sadəcə musiqi aləti deyil, o, Etno-Mədəni Koddur. Bu alət bizim tariximizin, dövlətçiliyimizin və mənəviyyatımızın ana xəttini təşkil edir.
ELAZ.İNFO xəbər verir ki, Türkün tarixində musiqi aləti hər zaman müqəddəs sayılıb. Sazın əcdadı olan Qopuz, qədim türk inanclarında (Şamanizm/Tenqriçilik) göylə yer arasında bir körpü idi. Qədim türk şamanları (qamlar) qopuzun səsini “ruhları çağıran səs” hesab edirdilər. İnanılırdı ki, qopuzun sədası pis ruhları qovur, xəstələrə şəfa verir. VII-VIII əsrlərdə “Kitabi-Dədə Qorqud” dastanlarında qopuz artıq bir “And yeri” kimi çıxış edir. Dədə Qorqud deyirdi: “Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər”. Ozan sülhün, ədalətin və müdrikliyin rəmzi idi.
Saz türkün dünya görüşünü formalaşdıran bir rəmzdir. Türk xalqları parçalansa da, Saz (və ya onun variantları: dombra, komuz, bağlama) bütün türk dünyasını birləşdirən ortaq məxrəcdir. Sazın dili bütün türk elatları üçün eynidir. O, “türkün bayatısı”dır. Sazın qolu üzərindəki pərdələr türkün nizamını, simləri isə birliyini təmsil edir. Saz təkcə kədər aləti olmayıb. Türk sərkərdələri döyüşə gedəndə yanlarında ozanları aparırdılar. Sazın “Cəngi” sədaları ordunun döyüş ruhunu (Eşqini) coşdururdu.
Azərbaycan tarixində Sazın ən möhtəşəm dövrü Şah İsmayıl Xətai ilə bağlıdır. Xətai Sazı “Müqəddəs” elan etmişdi. Səfəvi qızılbaşlarının əlində bir tərəfdə qılınc, digər tərəfdə saz vardı. Xətai özü həm böyük dövlət xadimi, həm də mahir saz ifaçısı idi. O, türk dilini və saz mədəniyyətini saray səviyyəsinə qaldırdı. Səfəvilər dövründə saza “Diri Quran” deyilməsinin səbəbi, onun vasitəsilə mənəvi həqiqətlərin, ilahi sevginin xalqa çatdırılması idi. Sazın sinədə tutulması (Sinə-saz) insanın daxili aləminin təmizliyinə işarə idi.
Sazın quruluşu təsadüfi deyil, o, kainatın kiçik bir modelidir: 9 Sim: Doqquz rəqəmi qədim türk kosmologiyasında müqəddəsdir (Doqquz qat göy, doqquz oğuz və s.). Tut Ağacı (Çanaq): Sazın gövdəsi mütləq tut ağacından olmalıdır. Tut ağacı uzunömürlülüyün və bərəkətin rəmzidir. Sinə pərdəsi: Saz ifaçısı aləti ürəyinin üzərinə sıxanda, simlərin vibrasiyası ilə ürəyin ritmi birləşir. Buna “Haqqla rabitə” deyilir.
Kitabların yandığı, tarixin saxtalaşdırıldığı qaranlıq dövrlərdə Saz bizim sübutumuz olub “Koroğlu”, “Əsli və Kərəm”, “Şah İsmayıl” dastanları sazın tellərində bu günə gəlib çatıb. Bu sənət minillik bir zəncirdir. Dədə Ələsgərin “Aşıq gərək bəsirətli ola” kəlamı, əslində bir azərbaycanlının necə bir dünyagörüşünə sahib olmalı olduğunun dərsidir.
Niyə Saz Bizim And Yerimizdir? Çünki saz yalanı sevmir. Sazın sədası altında deyilən söz “Haqq sözü” sayılır. O, bizim türk olduğumuzu, bu torpağın sahibi olduğumuzu hər pərdəsində hayqırır. Saz susarsa, tariximizin bir parçası solar.
Ruslan MƏMMƏDOV