ELAZ.İNFO BAKI 13.05.2025
ELAZ.İNFO xəbər verir ki,Azərbaycan Respublikası “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi”nin verdiyi kiçik qrant hesabına “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi “TƏHSILDƏ INNOVATIV YANAŞMALARIN TƏBLIĞI” adlı layihənin icrasına başlamışdır. Layihə 3 ay davam edəcəkdir.
Layihənin məqsədi ali məktəblərdə təhsilin təşkilinə innovativ yanaşmalar barədə dəyirmi masalar təşkil etməkdir. Bu məqsədlə 2 universitetdə müzakirələrin aparılması nəzərdə tutulur. Məqsəd beynəlxalq təcrübə əsasında universitet menecerlərini, professor-müəllim heyətini, magistrləri müasir təhsildə innovativ yanaşmalar, universitetlərin innovativ infrastruktur modelləri ilə tanış etməkdir. Belə layihənin icrası nəticəsində milli universitetlərimizin fəaliyyəti daha səmərəli ola bilər.
Məlumdur ki, universitetlərimiz 20 ildir ki, qlobal reytinqlərdə zəif nəticələr göstərirlər. Çünki, universitetlərimiz qlobal təhsil məkanında olan innovasiyalardan az faydalanırlar, bu səbəbdən də rəqabətədavamlı deyillər.
Təcrübə gösrtərir ki, bizim universitetlərimiz təhsil və elm sahəsində nəinki real, diqqətəlatiq innovasiyalar da yarada bilmir, heç digər ölkələrin universitetlərində olan innovasiyaları da tətbiq etmirlər. Məsələn, 20 ildə heç bir universitetimiz Boloniya Prosesi şərtlərinə uyğunlaşa bilmədi. Bu səbəblərdən universitetlərdə belə maarifləndirici dəyirmi masaların keçirilməsi faydalıdır.
“Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyi əvvəlki illərdə də universitetlərdə belə aktual mövzularda dəyirmi masalar keçirmişdi. Məsələn, 2024-cü ildə “Universitetlərin rəqabət qabiliyyəti” mövzusunda ADA universitetində, SDU-də, ADPU-da, UNEC-də müzakirələr təşkil etmişdi. Bu tədbirlərdə universitetlərin əməkdaşları, təhsil ekspertləri, jurnalistlər iştirak etmişdilər. Layihə rəhbəri dos. İlham Əhmədovun məruzəsi tədbir iştirakçılarınin böyük marağına səbəb olmuşdu.
ELAZ.INFO
