Qonşu Rusiya Federasiyasında əhalinin gəlirlərinin dinamikasında kəskin artım qeydə alınıb. Son onilliyin statistik göstəricilərinin təhlili ölkədə orta aylıq əməkhaqqının əhəmiyyətli dərəcədə yüksəldiyini ortaya qoyub.
ELAZ.İNFO xəbər verir ki, Rusiya Federal Dövlət Statistika Xidmətinin (“Rosstat”) rəsmi məlumatlarına əsasən, Rusiyada orta aylıq əməkhaqqı son 10 il ərzində 72 min rubldan çox artıb. Belə ki, 2016-cı ilin aprel ayında ölkədə orta aylıq maaş 36 497 rubl təşkil edirdisə, 2026-cı ilin eyni ayında bu göstərici 109 052 rubla yüksəlib. Beləliklə, ötən dövrlə müqayisədə təmiz artım 72 555 rubl olub.
Məlumatda həmçinin qeyd olunur ki, hazırda ölkədə 6 fərqli fəaliyyət sahəsi üzrə orta aylıq əməkhaqqı rəsmi olaraq 200 min rublu ötüb. Kiçik və orta biznes sektorunda isə ən yüksək gəlirlər iqtisadiyyatın real sektorunda qeydə alınır. Coğrafi baxımdan yanaşdıqda isə, Rusiya Federasiyasında ən yüksək orta aylıq əməkhaqqı Çukotka, Yamalo-Nenets Muxtar Dairəsi, Maqadan vilayəti, paytaxt Moskva və Nenets Muxtar Dairəsinin payına düşür.
Ruslan MƏMMƏDOV


