1915-ci il aprelin 3-də İraqın Ərbil şəhərində Türk Dünyasının alimi, səhiyyə və təhsil qurucusu professor İhsan Doğramacı nüfuzlu türkmən ailəsində dünyaya göz açıb. İraq türkmən əsilli böyük alim orta təhsilini Beyrutda alıb. 1938-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirib. Pediatriya üzrə təhsilini Harvard Universitetində tamamlayaraq Türkiyənin Ankara Nümunə Xəstəxanasında çalışıb. 1954-cü ildə Ankara Universitetinin professoru elmi adına layiq görülüb.
İhsan Doğramacı Almaniyadakı Leopoldina Naturforit Elmlər Akademiyasının, ABŞ-dakı Pediatrlar Akademiyasının, Hindistan Milli Tibb Akademiyasının, İngiltərədəki Krallıq Tibb Kollecinin həqiqi üzvü, Paris Milli Akademiyasının müxbir üzvü olub. Dünyanın 25-ə qədər ölkəsinin, o cümlədən ABŞ, Argentina, Almaniya, Fransa, İngiltərə, İspaniya, İsveç, Avstriya, Bolqarıstan, Finlandiya, Meksika, Polşa, Tunis ölkələrinin Milli Pediatrlar Assosiasiyasının, Ümumdünya Səhiyyə Təşkilatının, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü və doktoru adına layiq görülüb. İhsan Doğramacı 25 il Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri vəzifəsində çalışıb, türkdilli ölkələr üzrə region qurumlarını yaradıb, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttəpə Universitetinin Hacəttəpə Tibb və Səhiyyə Elmləri fakültəsinin yaradılmasında müstəsna xidmətlər göstərib. 1963-1965-ci illərdə Ankara Universitetinin rektoru, 1965-1967-ci illərdə Orta Doğu Texniki Universitetinin heyət rəhbəri, 1967-1975-ci illərdə Hacəttəpə Universitetinin rektoru, 1975-ci ildə Paris Universitetində Pediatriya professoru, 1964-1973-cü ilədək Avropa Rektorlar Konfransı idarə heyətinin üzvü, 1976-1981-ci ilədək Ümumdünya Sağlamlıq Cəmiyyəti sədrinin müavini, 1981-ci ildən ömrünün sonuna qədər Millətlərarası Beynəlxalq Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədri və fəxri sədri vəzifələrində çalışıb. Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacının adına 1985-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “İhsan Doğramacı ailə sağlamlığı mükafatı” təsis edilib.
Dahi mütəfəkkir İhsan Doğramacının sadalamaqla bitməyən fəaliyyətləri ilə yanaşı onun insani keyfiyyətlərini və Azərbaycan sevgisini də diqqətə çatdırmamaq mümkün deyil. Türkiyədə yaşayan İhsan Doğramacı 1992-ci ilin əvvəllərində Ümummilli Lider Heydər Əliyevin Türkiyəyə səfəri barədə xəbər alır. Həmin vaxt Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri idi. O, Heydər Əliyevlə Türkiyədə görüşür və həmin görüşü Heydər Əliyevlə şəxsi tanışlığının başlanğıcı, dostluğunun təməli kimi ifadə edir: “Şükürlər olsun Tanrıya ki, mənə buraxdığı şans sayəsində onu daha yaxından tanımaq, təmas qurmaq, dost olmaq səadətinə yetişdim”. İhsan Doğramacı Ulu Öndərin keçdiyi həyat yolunu çətin, məsuliyyətli, ictimai-siyasi həyatın təlatüm və qasırğalarına mətinliklə sinə gərmiş, xalqına intəhasız bir sevgi ilə bağlı olan, dövlətcil, cəsur və şərəfli bir insan ömrü, Vətəninə sədaqətli əsgər tarixçəsi kimi dəyərləndirir. 1995-ci ildə İhsan Doğramacı 80 illik yubileyi münasibətilə Azərbaycana rəsmi dəvət alır. Bu tədbir eyni zamanda Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafına, türk dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət etməsi kimi təqdim edilir. Ümummilli lider Heydər Əliyev İhsan Doğramacı haqqında nitqində “Bu nadir şəxsiyyətin həyat yolunu, fəaliyyətini və bəşəriyyət qarşısında göstərdiyi xidmətləri bu gün yenidən yada salarkən düşünürsən – o, nə qədər böyük insandır, nə qədər nadir bir şəxsiyyətdir, bizlər üçün, türk dünyası üçün, bəşəriyyət üçün dəyərli bir sərvətdir. Hörmətli İhsan Doğramacı həqiqətən öz işləri, öz elmi və ictimai fəaliyyəti ilə, elm, təhsil, səhiyyənin inkişafındakı xidmətləri, vətənpərvərliyi, türk dünyasına daim göstərdiyi sədaqət ilə özü-özünə bir abidə yaratmışdır”,-ifadələrini səsləndirir. Ulu öndər Heydər Əliyevin sərəncamlarına əsasən 1995-ci və 2000-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubiley tədbirləri Bakıda təntənə ilə qeyd edib. Ulu Öndərin davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu ənənə təkrarlanaraq professor İhsan Doğramacının 90 illik yubileyi Azərbaycanda rəsmi Dövlət Tədbiri olaraq qeyd edilib. 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. Azərbaycan xalqı dahi şəxsiyyət İhsan Doğramacının geniş qəlbindəki Azərbaycan sevgisini hiss edərək ona qucaq açır, onun zəkasına, insanlara sevgisinə heyranlığını və şəxsiyyətinə ehtiramını ifadə edir. Professor Məmməd Novruzoğlun “Hocabəy” kitabında onun haqqında təfərrüatlı məlumatları diqqətə çatdıraraq onun həyat yolunu hər kəsin daha yaxından tanımasına müvəffəq olub. İhsan Doğramacı 25 fevral 2010-cu ildə 94 yaşında Türkiyə Cümhuriyyətinin Ankara şəhərində vəfat edib. İhsan Doğramacı bir əsrə yaxın ömrünü uşaqlara, gənclərə, bütün bəşəriyyətə xidmətə həsr edib, məqsədinə çatmaq üçün qarşısına çıxan maneələri məhz həyat eşqinə söykənərək dəf edə bilib. Onu təkcə Türk Dünyasına deyil, dünyanın bir çox ölkəsinə göstərdiyi xidmət və töhfələrlə, səhiyyə, təhsil, mədəniyyət və elm naminə gördüyü işlərlə hər zaman xatırlayacağıq. Ruhuna dərin ehtiramla, Gülqədəm Qaraman Mirzəzadə |
