Əvvəli: https://elaz.info/zelenskini-nə-gozləyir/
Zalujnı ətrafında müxtəlif provokasiyalar 3 ay davam etdi və nəhayət, o, istefa ərizəsi yazmağa razı oldu. Yəni iş elə quruldu ki, giya Zelenski onu vəzifəsindən çıxartmır, Zalujnı özü istefa verir.
Bu müddət ərzində Zalujnı ilə Zelenski arasında açıq münaqişələrin olduğu, bir-birinin üstünə qışqırdıqları haqda mətbuat çox yazmışdı, lakin tərəflər ictimaiyyət qarşısında belə bir şeyin olmadığını nümayiş etdirirdilər. 2023-cü ilin 8 fevralında Zelenski Zalujnının istefasını qəbul etdi. Xalqı özünə qarşı çevirməmək üçün həmin gün Zalujnını qəbul etdi, haqqında xoş sözlər dedi və onu “Ukrayna Qəhrəmanı” fəxri adı ilə təltif etdi. Kameralar qarşısında şəkillər çəkdilər və mehribancasına ayrıldılar.
Həmin gün onun bütün müavinləri və baş qərargah rəisi də istefaya göndərildi. Yermakın tövsiyəsi ilə xalq arasında hörməti olmayan, orduda “qəssab” adlandırılan, buna görə də hakimiyyət üçün təhlükəsiz olan general Aleksandr Sırski baş komandan təyin edildi. Sırski isə ordu komandanlığından Zalujnının tərəfdarlarını təmizlədi.
Lakin bununla Yermakın işi bitmirdi. Zalujınının Ukraynada qalması da təhlükə idi. Zalujnı siyasət adamı deyildi, heç siyasi ambisiyaları da yox idi. Lakin hakimiyyət Poroşenkonun ondan istifadə edəcəyindən qorxurdu. Həqiqətən də, Poroşenko onu öz blokuna qoşmaq və onun sayəsində yenidən hakimiyyətə gəlmək iddialarını bildirirdi, şəxsi münasibətləri də yaxşı idi. O vaxt Ukrayna mətbuatının yazdığına görə, Poroşenko özünün yenidən prezident seçiləcəyinə inanmırdı, buna görə də siyasi səriştəsi olmayan, lakin sevilən Zalujnını nominal prezident etməklə, özü baş nazir olmaq və faktiki olaraq yenidən dövləti idarə etmək istəyirdi.
Zalujnı ölkədən çıxarılmalı idi. Ona dərhal Britaniyada səfir vəzifəsi təklif edildi, lakin Zalujnı ölkədən çıxmaq istəmirdi, həm də o nə siyasət adamı idi, nə də ingilis dilini bilirdi. Britaniya isə onu yanına aparmaq və hər ehtimala qarşı Zelenskinin yerinə hazırlamaq istəyirdi. 7 martda Ukrayna Britaniyaya Zalujnının aqramanını göndərdi və təsdiqini aldı, 8 mayda Zalujnı hərbi xidmətdən səhhətinə (?) görə tərxis edildi (o, vəzifəsindən çıxarılmışdı, lakin ehtiyatda olan zabit idi), 9 mayda Zelenski Zalujnının səfir təyin edilməsi barədə fərman imzaladı. Zalujnı isə səfir getmək istəmirdi, mətbuata da heç bir müsahibə vermirdi. Nə etdilər, nə etmədilər – uzun söhbətdir, 10 iyulda Zalujnı, nəhayət, ölkədən çıxdı və Londonda səfir kimi fəaliyyətə başladı.
Bundan sonra Britaniya Zalujnını siyasətçi kimi yetişdirməyə və təbliğ etməyə başladı. Zalujnı bəzi müsahibələrində hətta sərbəst fikirlər irəli sürürdü – səfir kimi o yalnız dövlətin mövqeyi çərçivəsində danışmalı idi. Onun çıxışları səfirin yox, ölkə başçılığına iddialı şəxsin çıxışları kimi hazırlanırdı. Zelenski bundan qorxmurdu, çünki Britaniya üstünlüyü ona verirdi.
Bu ilin iyulunda Ukraynada korrupsiya araşdırmaları fonunda Zelenski NABU və SAP-ı ləğv etmək istəyəndə Britaniya anladı ki, Zelenskinin “əskisi artıq tüstülənir”. Dərhal Zalujnının təbliğatını gücləndirməyə başladı. Çünki hakimiyyətdə kimin olması yox, kimin adamının olması vacibdir. Britaniyaya Ukrayna prezidentliyində başqa ölkənin, hətta ABŞ-ın da adamının olması sərf etmir.
2 noyabrda isə Zalujnı sosial şəbəkə hesabında “Evdə daha yaxşıdır” sözləri ilə aşağıdakı şəkli paylaşdı. Belə çıxır ki, o ya Kiyevdədir, ya da Kiyevə gəlməyə hazırlaşır. Yəqin, Britaniya Yeni İlədək vəziyyətin gərginləşə biləcəyini ehtimal edir. Bu zaman Zalujnının Kiyevdə olması çox vacibdir. O, hərbi özbaşınalığın və ya qarşıdurmaların qarşısını ala və dinc hakimiyyət keçidini təmin edə biləcək bəlkə də yeganə şəxsdir.
Ardı olacaq…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi