Zelenskini nə gözləyir?

Valeri Zalujnı 2021-ci ilin iyulundan 2024-cü ilin 8 fevralınadək USQ-nin baş komandanı idi. 2022-ci ilin aprel-sentyabr aylarında USQ-nin uğurlu əməliyyatlarını əhali onun adı ilə bağladığından xalq arasında və orduda yüksək rəğbət reytinqi var.

2022-ci ilin sentyabr nömrəsində “Time” jurnalı general Zalujnının şəklini üz qabığında yerləşdirildi və ona böyük məqalə həsr etdi. 2023-cü ilin yanvarında Microsoft şirkətində işləyən ukrain əsilli amerikalı Qriqori Stepantsdan ona $1 milyon vərəsə çatdı, lakin Zalujnı bütün vəsaiti USQ-yə ianə etdi. O həm də sosial şəbəkədə aktiv idi və Zelenskinin bəzi qərarlarına, xüsusən də Zaparojyedə genişmiqyaslı uğursuz hücum əməliyyatına dolayı etirazını bildirirdi. 2023-cü ildən etibarən Zalujnı ordunun təminatı, səfərbərlik və s. məsələlərdə siyasi rəhbərliklə fikir ayrılığında oldu, o, müharibənin dalana dirəndiyini və atəşkəsə getməyin zəruri olduğunu deyirdi. Bu vaxt sosioloji rəy sorğularında onun reytinqi hətta Zelenskini də üstələyirdi. Baş komandanın populyar olması, xüsusən də hakimiyyətə loyal olmaması müharibə aparan ölkədə həmişə böyük risk yaradır. Buna görə o, vəzifəsindən çıxarılmalı idi.

Lakin Zalujnı kimi populyar adamın vəzifədən çıxarılması da böyük riskdir. Bütün xalqın qəhrəman kimi tanıdığı, orduda sevilən komandanın hakimiyyətə müxalif olması çox təhlükəlidir. Həm də nəzərə almaq lazımdır ki, ordunun bütün komanda heyəti Zalujnı tərəfindən təyin olunub. O vaxt əhali Zalujnının iradlarını müsbət qarşılayırdı – çünki o, hücum planına əvvəlcədən etiraz etdiyini, lakin onun etirazının nəzərə alınmadığını deyir və nəticədə onminlərlə şəxsi heyətin və bahalı texnikanın məhv olmasında dolayısıyla siyasi rəhbərliyi günahlandırırdı. Belə bir fonda vəzifədən çıxarılan Zalujnının bircə cəhdi kifayət idi ki, xalq və ordu hakimiyyətə qarşı qalxsın.

Zelenskini belə çətin vəziyyətdən Yermak çıxartdı (əlbəttə, Britaniyanın köməyi ilə). Ümumiyyətlə, nə qədər korrupsioner və boz kardinal olsa da Yermak çox bacarıqlı menecer idi, siyasi intriqalar yaratmaq və onları çözmək sahəsində usta idi.

Yermak əvvəl mətbuatda Zalujnıya qarşı “gözdənsalma” kampaniyasına başladı. Məlumat yayıldı ki, baş komandan 500 min adamın, hətta qadınların da orduya səfərbər olunmasını tələb edir. Sonra onu günahlandırmağa başladılar ki, 2022-ci ilin fevralında Rusiya hücuma keçəndə Zalujnı USQ-yə lazımi komandaları verməyib, ordu müdafiəyə hazır olmayıb. Paralel olaraq Zalujnını istefa ərizəsi yazmağa məcbur edirdilər. O bunu etmədikdə 2022-ci il fevral hadisələri üzrə cinayət işi açıldığı və bir çox komandirlərin istintaq dindirilməsinə çağırıldığı haqda məlumatlar nəşr edildi və ipin ucunun Zalujnıya getdiyi barədə eyhamlar vuruldu.

Zalujnı müqavimət göstərdikcə təhdidlər ciddiləşməyə başladı. 2023-cü ilin noyabrında onun köməkçisi və yaxın dostu mayor Gennadi Çistyakova ad günündə hədiyyə verildi (Zaluşnının böyük köməkçisi tərəfindən). Hədiyyə bahalı spirtli içkidən və qumbara formasında olan 6 qədəhdən ibarət idi. Hədiyyə paketini evdə Gennadinin 13 yaşlı oğlu açır, qədəhlərdən birini götürür, lakin Gennadi qədəhi ondan alır və onun üzərində olan halqanı çəkir. Gözlənilmədən partlayış baş verir, Gennadi ölür, oğlu isə ağır yaralanır (bu iş üzrə heç kim həbs edilmədi). Həmin ay mətbuatda xəbər yayılır ki, müdafiə naziri Rustem Umerov Zalujnının istefaya göndərilməsi barədə Zelenskiyə təqdimat yazıb.

Ardı var….

Asif ŞƏFƏQQƏTOV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights