Nyu-Yorkda 42-ci Türk Günü Paradı keçirildi

ELAZ.İNFO, BAKI, 20.05.2025.

ELAZ.İNFO  xəbər verir ki, may ayının 18-də Nyu-York şəhərinin mərkəzində – məşhur Madison Avenue boyunca minlərlə insanın iştirakı ilə 42-ci Türk Günü Paradı keçirilib.

ABŞ-da yaşayan türklər, azərbaycanlılar və digər qardaş xalqların nümayəndələri bu möhtəşəm tədbirdə bir araya gələrək, mədəniyyətlərini, tarixlərini və həmrəyliyini nümayiş etdirdilər.

Məlumat üçün bildirək ki, Türk Günü Paradı ilk dəfə 1981-ci ildə təsis olunub. Bu tədbir, həmin dövrdə baş verən və Türkiyənin diplomatik nümayəndələrinə qarşı həyata keçirilən erməni silahlı qruplarının təxribatçı və terror xarakterli hücumlarına cavab olaraq, Türk diasporası tərəfindən həmrəylik, milli birlik və ictimaiyyətə haqq səsinin çatdırılması məqsədi ilə keçirilmişdi. O vaxtdan bəri — pandemiya illəri istisna olmaqla — bu parlaq bayram hər il may ayında təşkil olunur.

Onu da vurğulamaq lazımdır ki, paradda Türkiyə və Azərbaycanın bayraqları yanaşı dalğalandı. Cazibədar musiqilər, milli geyimlər, rəngarəng avtomobillər, nağara-zurna sədaları və folklor qruplarının çıxışları tədbirə xüsusi rəng qatdı. Bu ilki parad xüsusilə Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan diaspor nümayəndələrinin də fəal iştirakı ilə diqqət çəkdi. Parad Türk dünyasının birliyini və ortaq dəyərlərini təbliğ edən nəhəng bir mədəniyyət şöleni kimi yadda qaldı.

Tədbirdə çıxış edən rəsmi şəxslər və diaspor təşkilatlarının rəhbərləri Türk xalqının dünya miqyasında artan nüfuzundan, Azərbaycan-Türkiyə qardaşlığından və 44 günlük Vətən müharibəsində nümayiş etdirilən həmrəylikdən bəhs etdilər. Azərbaycan diasporunun fəalları “Qarabağ Azərbaycandır!” şüarları ilə yürüşə xüsusi ruh verdilər.

Türk Günü Paradı, təkcə bir mədəniyyət nümayişi deyil, eyni zamanda Türk dünyasının birlik mesajıdır – tarixin ağrılarına qarşı yaddaş, gələcəyə isə ümid və qürur dolu bir baxış.

Sakit MALİKOV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights