MÜKƏMMƏL HÜQUQŞÜNAS OLMAĞIN SİRRİ

Hüquq sahəsində mükəmməlliyə çatmaq yalnız qanunları bilmək və onları tətbiq etməklə məhdudlaşmır. Mükəmməl hüquqşünas olmaq həm zehni, həm mənəvi, həm də insani keyfiyyətlərin vəhdətini tələb edən uzun və məsuliyyətli bir yoldur. Hüquq yalnız məhkəmə zalları və qanun məcəllələri ilə ölçülmür, o, düşüncə tərzi, həyat fəlsəfəsi və ədalətə inam deməkdir. Bu yolda uğur qazanmaq üçün hüquqşünasın bir sıra əlavə keyfiyyətlərə yiyələnməsi vacibdir.

Hər şeydən öncə analitik düşünmə qabiliyyəti hüquqşünasın silahıdır. Qanunun məntiqini, hadisənin səbəb-nəticə əlaqələrini, faktların bir-biri ilə münasibətini dərindən analiz edə bilən hüquqşünas hər bir işdə düzgün qərara gəlməyi bacarar. Analitik düşüncə olmadan hüquqi nəticə çıxarmaq mümkün deyil. Məhz bu səbəbdən, analitik keyfiyyətlər hüquqşünasın beyin mexanizminin əsas tərkib hissəsidir. Lakin yalnız analitik bacarıq kifayət etmir. Hüquqşünas yaradıcılıq qabiliyyətinə də sahib olmalıdır. Hüquq bir çox hallarda standart düşüncədən kənara çıxmağı, hadisələrə fərqli baxış bucağından yanaşmağı tələb edir. Hər bir hüquqi məsələ özünəməxsus yanaşma istəyir və bu yanaşmanı tapmaq üçün yaradıcı düşüncə vacibdir. Hüquqşünas problemi yalnız qanunun mətnində deyil, onun ruhunda axtarmalı, hüquqi həll yollarını innovativ təfəkkürlə formalaşdırmalıdır.

Mükəmməl hüquqşünas daim araşdırma aparan bir şəxsdir. Hüquq sahəsi hər gün yenilənir, qanunlara dəyişikliklər edilir, yeni presedentlər formalaşır. Buna görə də hüquqşünasın fəaliyyəti yalnız bu günlə məhdudlaşa bilməz. O, hər zaman yeni biliklər axtarışında olmalı, qanunvericilik aktlarını, məhkəmə təcrübəsini, beynəlxalq hüququ dərindən öyrənməlidir. Araşdırma bacarığı hüquqşünası həm nəzəri, həm də praktik cəhətdən möhkəmləndirir. Bu peşədə əlaqələr də mühüm rol oynayır. Hər bir uğurlu hüquqşünasın ətrafında həmkarlarından, ekspertlərdən, təcrübəli hüquq adamlarından ibarət bir çevrəsi olur. Onlarla fikir mübadiləsi aparmaq, təcrübə bölüşmək, müzakirələrdə iştirak etmək hüquqşünasın peşəkar inkişafına böyük təsir göstərir. Geniş əlaqə şəbəkəsi hüquqşünasın həm bilik dairəsini genişləndirir, həm də cəmiyyətlə hüququn arasında körpü yaradır.

Bu yolda əzm və səbr olmadan uğur qazanmaq mümkün deyil. Hüquqşünasın işi çox vaxt uzun araşdırmalar, sənədlərin incəliklərinə qədər təhlili və gərgin düşünmə prosesi ilə müşayiət olunur. Hər bir hüquqi iş səbir tələb edir. Əsl hüquqşünas səhv etməkdən qorxmur, əksinə, hər səhvdən bir dərs çıxararaq irəliləyir. Əzm və səbr onun peşəkar iradəsini formalaşdırır və çətin situasiyalarda onu sınmağa qoymur. Mükəmməl hüquqşünasın ən təsirli silahlarından biri nitq qabiliyyətidir. Güclü natiqlik bacarığı olmadan hüquqi arqumentlərin dəyəri azalır. Hüquqşünas yalnız yazmaqla deyil, danışmaqla da inandırmalıdır. O, qarşı tərəfi arqumentləri ilə, məntiqi ilə və sözünün qüdrəti ilə təsir altına almalıdır. Nitq mədəniyyəti, söz seçimi və fikri aydın ifadə etmə qabiliyyəti hüquqşünası həm məhkəmədə, həm də ictimai mühitdə fərqləndirən əsas amildir.

Hüquqşünasın digər güclü tərəfi təhsil və davamlı öyrənməkdir. Hüquq elmi dondurulmuş bir sahə deyil, daim inkişaf edir. Buna görə də hüquqşünas heç vaxt “artıq bilirəm” deməməlidir. Hər yeni qanun, hər yeni presedent, hər yeni fikir hüquqşünasın biliyini bir pillə yüksəldə bilər. Yaşından və təcrübəsindən asılı olmayaraq, o, daim öz üzərində işləməli, biliklərini artırmalı və yeniləməlidir. Hüquqşünas üçün oxuduğunu qavramaq da əsas şərtlərdəndir. Hüquqi sənədlərin dili çox vaxt ağır və kompleks olur. Buna görə hüquqşünas oxuduğunu yalnız anlamaqla kifayətlənməməli, onu təhlil etməli, nəticə çıxarmalı və praktik tətbiqini düşünməlidir. Oxuma mədəniyyəti olmayan hüquqşünasın düşüncə dərinliyi də məhdud qalır.

Digər mühüm bacarıq isə yazmaq bacarığıdır. Hüquqşünasın yazdığı hər sənəd onun düşüncəsinin güzgüsüdür. Sözləri düzgün seçmək, fikri aydın və səlis ifadə etmək, hüquqi məntiqi ardıcıl qurmaq hüquqşünasın peşəkar səviyyəsini müəyyənləşdirir. Mükəmməl hüquqşünas bilir ki, bir cümlənin dəqiqliyi bəzən bir insanın taleyini dəyişə bilər.

Nəhayət, bütün bu keyfiyyətləri birləşdirən və onları mənəvi çərçivəyə salan dəyər təvazökarlıqdır. Təvazökar hüquqşünas özünü heç vaxt mükəmməl hesab etmir, əksinə, daima daha yaxşı olmağa çalışır. O, bilik və vəzifə artdıqca təkəbbürdən uzaq olur, ədalət və insanlıq hissini ön planda saxlayır. Təvazökarlıq hüquqşünası həm cəmiyyət qarşısında, həm də vicdanı qarşısında ucaldan keyfiyyətdir.

Mükəmməl hüquqşünas olmaq sadəcə bir peşə deyil, həyat tərzidir. Bu yolda yalnız qanunları deyil, insanları da anlamağı bacarmaq lazımdır. Ədalət hissi, vicdan, dürüstlük və təvazökarlıqla birləşən hüquqi bilik məhz bunlar mükəmməlliyə aparan yoldur.

Əli İBRAHİMOV

Hüquqşünas, Vəkil

Bizimlə oxuyun
Verified by MonsterInsights