ELAZ.İNFO xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı MMA üzrə dünya çempionu adını qazanan Masallıdan olan idmançı Nərmin Əliyeva ilə görüşərək onu tarixi uğur münasibətilə təbrik edib. Görüş zamanı bu möhtəşəm nailiyyətin ölkə idmanında yeni bir səhifə açdığı xüsusi vurğulanıb.
Nərmin Əliyevanın qazandığı uğur Azərbaycan idman tarixi üçün mühüm əhəmiyyət kəsb edir: İdmançı qaydasız döyüş (MMA) növü üzrə keçirilən Dünya Çempionatında bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. O, Azərbaycan MMA tarixində dünya çempionu titulunu qazanan ilk qadın idmançı kimi adını tarixə yazdırıb. Bu əlamətdar hadisə 2025-ci ildə ölkə idmanında mühüm uğur kimi qeydə alınıb.
Rayon rəhbəri Nərmin Əliyevaya gələcək yarışlarda yeni qələbələr arzulayıb. Qeyd olunub ki, dövlətin idmana və idmançılara göstərdiyi diqqət nəticəsində gənclərimiz beynəlxalq arenalarda Azərbaycan bayrağını yüksəklərə qaldırırlar. İcra başçısı çempionun bundan sonra da ölkəmizin idman şərəfini layiqincə qoruyacağına əminliyini ifadə edib.
Ruslan MƏMMƏDOV