Aleksandr Lukaşenko, Belarus-ABŞ münasibətləri, Donald Tramp, “Böyük saziş”, nüvə materialları, diplomatik əlaqələr. Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi Vaşinqtonla genişmiqyaslı əməkdaşlıq müqaviləsinin hazırlandığını və nüvə təhlükəsizliyi məsələlərinin müzakirə edildiyini bəyan edib.
ELAZ.İNFO xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko rəsmi Minsk və Vaşinqton arasında münasibətlərdə yeni bir mərhələnin başladığını elan edib. Dövlət başçısı ABŞ Prezidenti Donald Tramp ilə strateji əhəmiyyətli “böyük müqavilə” üzərində işləməyə razı olduğunu bildirib. Lukaşenko qeyd edib ki, Belarus öz maraqlarını ifadə edən təkliflər paketini artıq Amerika tərəfinə təqdim edib və hazırda bu sənədlər Vaşinqtonda nəzərdən keçirilir.
Prezidentin sözlərinə görə, “böyük saziş” sadəcə məhbusların mübadiləsi məsələsi ilə məhdudlaşmır. Danışıqların gündəmində duran ən mühüm mövzulardan biri Belarus ərazisindəki nüvə materiallarıdır. Lukaşenko vurğulayıb ki, Belarusda kifayət qədər nüvə materialı var və onlar MAQATE-nin tam nəzarəti altındadır: “Nüvə silahlarının yayılmaması baxımından bu məsələ amerikalılar üçün çox maraqlıdır. Biz bu materialların harda və necə saxlandığını gizlətmirik”.
Bundan əlavə, tərəflər ABŞ-ın Minskdəki səfirliyinin fəaliyyətinin tam bərpa olunması məsələsini də müzakirə edirlər. Lukaşenko həmçinin Qərbin “siyasi məhbuslar” termininə də toxunaraq, Belarusda siyasi maddələrlə məhkum olunan şəxslərin olmadığını bir daha xatırladıb.
Bu addım regional təhlükəsizlik və Şərqi Avropadakı güc balansları baxımından inqilabi bir dönüş kimi qiymətləndirilir.
Ruslan MƏMMƏDOV