Korrupsiya hüquqpozmalar sistemidir

Korrupsiya istənilən demokratik dövlətin idarəçiliyinə, iqtisadi sabitliyinə və sosial ədalətə ciddi təhlükə yaradan hüquqpozmalar sistemidir. O, dövlət və cəmiyyət arasında etimad mühitini pozur, ictimai resursların səmərəsiz istifadəsinə, insan hüquqlarının pozulmasına və cəmiyyətin mənəvi deqradasiyasına səbəb olur. Bu səbəbdən Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. Ölkəmiz bu istiqamətdə həm milli qanunvericilik bazasını formalaşdırmış, həm də beynəlxalq öhdəliklərə qoşularaq qlobal standartlara uyğun fəaliyyət göstərmək öhdəliyini üzərinə götürmüşdür. Məhz bu məqsədlə Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Sözügedən sənəd korrupsiyaya qarşı mübarizənin hüquqi, institusional və texnoloji istiqamətlərini əhatə edən sistemli və kompleks tədbirlər toplusudur. Onun icrası ilə korrupsiyanın qarşısının alınması, korrupsiya risklərinin idarə olunması, cəza siyasətinin təkmilləşdirilməsi, ictimai iştirakçılığın və şəffaflığın artırılması hədəflənir. Fəaliyyət Planının hüquqi dayaqları möhkəm və çoxşaxəlidir. Əvvəla, Azərbaycan Respublikasının Konstitusiyası korrupsiyaya qarşı mübarizənin əsasını təşkil edir. Konstitusiyanın 25-ci maddəsində hüquq bərabərliyi prinsipi, 32-ci maddəsində şəxsi məlumatların qorunması, 68-ci maddəsində isə hüquq və azadlıqların müdafiəsi təsbit olunmaqla, şəffaf və hüquqa əsaslanan idarəetməyə zəmin yaradılır. Bundan əlavə, əsas qanunvericilik aktı olan “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Qanun korrupsiyanın anlayışını, onunla mübarizədə istifadə olunan vasitə və mexanizmləri, məsuliyyət növlərini və dövlət qurumlarının səlahiyyətlərini müəyyən edir. Bu qanunun 4-cü maddəsində korrupsiyanın qarşısının alınması tədbirləri, 6-cı maddəsində etik davranış qaydaları, 7-ci maddəsində isə maraqlar toqquşmasının qarşısının alınması yolları ətraflı təsbit olunmuşdur.

Cinayət-hüquqi müstəvidə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308–312-ci maddələri korrupsiya ilə bağlı cinayətlərə dair konkret tərkib hissələri müəyyənləşdirir. Məsələn, 308-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadə, 311-ci maddə rüşvət alma, 312-ci maddə isə rüşvət vermə halları üzrə məsuliyyəti müəyyən edir. Bununla yanaşı, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanun, “İctimai iştirakçılıq haqqında” Qanun, “Dövlət satınalmaları haqqında” Qanun və digər aktlar korrupsiya risklərinin öncədən qarşısının alınması üçün institusional mexanizmləri müəyyən edir. Milli Fəaliyyət Planının əsas mahiyyəti məhz preventiv tədbirlərin gücləndirilməsi, korrupsiyaya açıq sahələrin müəyyənləşdirilməsi və orada şəffaflıq mexanizmlərinin qurulmasıdır. Bu baxımdan, dövlət satınalmalarında açıq müsabiqələrin keçirilməsi, elektron xidmətlərin genişləndirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, rəqəmsal nəzarət mexanizmlərinin qurulması mühüm rol oynayır. ASAN xidmət modeli bu sahədə uğurlu nümunə kimi dünya səviyyəsində tanınmışdır. Fəaliyyət Planında maarifləndirmə və hüquqi tərbiyə tədbirləri də mühüm yer tutur. Xüsusən təhsil müəssisələrində, dövlət qulluqçuları arasında və vətəndaş cəmiyyəti ilə birgə həyata keçirilən maarifləndirici layihələr korrupsiyaya qarşı ictimai immunitetin formalaşmasına xidmət edir.

“İctimai iştirakçılıq haqqında” Qanunun 4-cü maddəsi ictimai şuraların formalaşdırılması və onların dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət funksiyalarını həyata keçirməsini mümkün edir. Bu isə dövlət orqanlarının fəaliyyəti üzərində şəffaflığın və hesabatlılığın artmasına şərait yaradır. Eyni zamanda, korrupsiya hüquqpozmalarının aşkara çıxarılması və cəzasız qalmaması üçün prokurorluq orqanlarının, xüsusilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri genişləndirilmiş və onun fəaliyyəti üçün müasir texniki və hüquqi imkanlar yaradılmışdır.

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” (CM-nin 193-1-ci maddəsi), “Vəzifə səlahiyyətlərini aşma” (CM-nin 309-cu maddəsi) kimi cinayətlərə qarşı səmərəli istintaq mexanizmlərinin mövcudluğu bu mübarizədə hüquq-mühafizə orqanlarının mühüm rolunu təsdiqləyir. Azərbaycan Respublikası eyni zamanda BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına (UNCAC), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və digər beynəlxalq mexanizmlərə qoşularaq beynəlxalq səviyyədə də korrupsiyaya qarşı öhdəliklər götürmüşdür. Milli Fəaliyyət Planı həm də bu beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün milli tədbirlərin koordinasiyasını təmin edir. Bu tədbirlər nəticəsində korrupsiya ilə mübarizə sahəsində dövlət orqanlarının funksional imkanları artırılır, şəffaflıq və hesabatlılıq əsas prinsipə çevrilir. Beləliklə, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” yalnız normativ baza deyil, həm də praktiki və strateji sənəd kimi korrupsiyaya qarşı dövlət səviyyəsində kompleks və hüquqa əsaslanan mübarizənin əsas yol xəritəsi hesab olunur. Onun icrası nəticəsində dövlət orqanlarında şəffaflıq artırılır, vətəndaş məmnunluğu yüksəlir, hüququn aliliyi təmin olunur və cəmiyyətin inkişafında maneə yaradan korrupsiya elementləri mərhələli şəkildə aradan qaldırılır.

Əli İBRAHİMOV

Hüquqşünas

Bizimlə oxuyun
Verified by MonsterInsights