ELAZ.İNFO xəbər verir ki, Çinli molekulyar bioloqlar COVID-19 keçirmiş xəstələrdə epilepsiya tutmalarının niyə kəskinləşdiyini müəyyən ediblər. “Science Advances” jurnalında dərc olunan araşdırmaya görə, virus beyin toxumalarında iltihab ocaqlarını artıraraq xəstəliyin gedişatını ağırlaşdırır.
Mərkəzi Cənub Universitetinin (Hunan, Çin) professoru Hu Şonun rəhbərliyi ilə aparılan tədqiqatlar göstərir ki, gicgah epilepsiyasından əziyyət çəkən şəxslərin yarısında koronavirusdan sonra simptomlar daha da pisləşib. Alimlər MRT və pozitron-emissiya tomoqrafiyası (PET) vasitəsilə beyində baş verən dəyişiklikləri izləyiblər.
Məlum olub ki, xəstəliyi pisləşən şəxslərin beyin toxumalarında TSPO zülalının konsentrasiyası kəskin artıb. Bu zülal xroniki iltihab ocaqlarının yaranmasının əsas göstəricisidir. Eyni zamanda, qanda iltihab prosesləri ilə bağlı olan IL-1B, IL10 və IFNy kimi biomarkerlərin səviyyəsinin yüksəldiyi aşkar edilib.
Tədqiqatçılar müəyyən ediblər ki, ən böyük dəyişikliklər beynin köməkçi toxuması olan mikroqliya hüceyrələrində baş verir. Virusun bu hüceyrələrə necə təsir etdiyini tam anlamaq, gələcəkdə epilepsiya ilə mübarizədə yeni metodların hazırlanmasına və xəstələri yeni tutmalardan qorumağa kömək edəcək.
Xatırladaq ki, koronavirus yalnız tənəffüs sisteminə deyil, həm də beyin funksiyalarına ciddi təsir göstərə bilir; bura yaddaş pozğunluğu, zehni qabiliyyətin aşağı düşməsi və epilepsiya tutmalarının artması daxildir.
Ruslan MƏMMƏDOV