ELAZ.İNFO xəbər verir ki, may ayının 23-də Bakı İctimai Əməkdaşlıq Mərkəzinin Təşəbbüsü ilə, 28 May Müstəqillik Günü Münasibətilə “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir kecirildi.
Tədbir Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təqdimatı ilə başladı.
Tədbiri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni acdı. O, qeyd etdi ki, “suverenlik və dövlətçilik müstəqil dövlətlərin mövcudluğu və tərəqqisini təmin edən başlıca prinsiplərdir. Hər iki amil təkcə dövlətin hüquqi, iqtisadi-siyasi əsaslarını deyil, həm də milli kimliyini və birliyini ifadə edir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Severenlik İli” elan edilməsi bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə hesablanmış strateji mahiyyətini müəyyən etmək üçün yeni vəzifə və öhdəliklər tələb kimi qarşıya qoyulur. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir”.
Rauf Zeyni xatırlatdı ki, “2020-ci ilin sentyabr ayında başlanmış Vətən müharibəsindəki tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror tədbirləri ilə Azərbaycan torpaqları tamamilə azad edildi, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu və artıq beşinci ildir ki, Azərbaycan Respublikası öz hakimiyyətini, Azərbaycan Konstitusiyasının müddəalarını özünün bütün ərazisi üzərində tam sərbəstliklə həyata keçirir. Azərbaycan Respublikasının qanunlarının aliliyinin, suverenliyin əbədiliyinin təmini üçün biz bu ali dəyərləri tam qorumalıyıq, çünki, ölkə Prezidentinin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi məhz həmin dəyərlərin tam mənimsənilməsinə, onların qorunması və əbədiliyinə xidmət edir”.
“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova cıxış edərək qeyd etdi ki, “2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi birliyimizin, həmrəyliyimizin və gücünün ifadəsidir.
Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrimizdən biridir”.
Cıxış edən “Müharibə Veteranları Qadınlarına Sosial Yardıım” İctimai Birliyinin sədri Rada Abbas, şairə Nəcibə İlkin, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova, “Səhhət” Sağlamlığa Dəstək İctimai Birliyinin sədri, həkim Tariel Həsənov, BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin müəllimi Lalə Maqsudova qeyd etdilər ki, “Dövlət Başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır”.
Qeyd edildi ki, “Konstitusiyaya müvafiq olaraq Azərbaycan Respublikasının ərazisi toxunulmaz və bölünməzdir.
Ümummilli Lider Heydər Əliyev Konstitusiyada Azərbaycan xalqının Azərbaycan vətəndaşlarından ibarət olmasını nəzərə alaraq deyirdi:
-“Konstitusiya xalqın Konstitusiyasıdır, hər bir vətəndaşın Konstitusiyasıdır”.
Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, Şəhidlərimizin və Qazilərimizin canı, qanı bahasına böyük Zəfər salnaməsi yazıldı.
Əminik ki, “Konstitusiya və Suverenlik İli” dövlətimizin hərtərəfli inkişafında mühüm mərhələ olacaq, müstəqilliyimizin dönməz və əbədi olmasında böyük rol oynayacaq.
Suverenlik bir dövlətin müstəqil siyasət yürütmək, daxili və xarici işlərini sərbəst şəkildə tənzimləmək hüququnu ifadə edir. Dövlətin suverenliyi üçün ilk növbədə hüquqi-siyasi, sosial-iqtisadi fundament formalaşdırılmalıdır.
Konstitusiya isə dövlətin hüquqi əsaslarını, idarəçilik mexanizmini və vətəndaşların fundamental hüquqlarını tənzimləyən əsas qanundur və konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır.
O cümlədən, istənilən dövlətin mövcudluğu və inkişafı dövlət hakimiyyətinin təşkilinə dair əsas konstitusiya prinsiplərinin mövcudluğu ilə şərtlənir. Belə ki, hər bir hüquqi dövlətin Konstitusiyası bu təməl prinsipləri müəyyən edərək, insan hüquqları və azadlıqlarının müdafiəsi, hakimiyyətlərin bölgüsü və digər bir sıra mühüm hüquqi başlanğıcları özündə ehtiva edir.
Tədbir “Azərbaycan İstiqlal Muzeyi” ndə kecirildi. Sonda xatirə şəkilləri cəkildi.


Esmira RƏHİMOVA