İsraillə bağlı iki mühüm məqam…

Biri mənfi, digəri isə müsbət məqamdır

ELAZ.İNFO, BAKI, 23.05.2025.

Birinci məqam Hindistanın mayın 7-10-u tarixlərində növbəti xain hücumu zamanı Pakistanı məhz İsrail silahları ilə vurmasıyla bağlıdır. Bəli, Pakistanın Baş naziri Şahbaz Şərif son açıqlamasında elə bu cür də deyib: “Hindistan bizi İsrail silahları ilə vurdu”.

Baş nazir sözügedən açıqlamasında İsrailin Hindistana açıq şəkildə hərbi dəstəyinə diqqət çəkərək bildirib ki, “İsrail rejimi Pakistana qarşı hərbi qarşıdurmalarda Hindistanı ən yaxşı şəkildə dəstəklədi. Hətta qarşıdurmadan bir neçə gün əvvəl İsrailin təlim keçmiş 150 əsgəri Hindistana girərək Pehlqam bölgəsinə yerləşdirildi. Hindistan İsrail silahlarından bizə qarşı istifadə etdi”.

Maraqlıdır, İsrailin Hindistan kimi təcavüzkar bir ölkəyə belə açıq dəstək verməsinin səbəbləri, motivləri nəylə bağlıdır?

İlk növbədə 5 əsas səbəbi göstərə bilərik:

1 – Hindistanın Baş naziri Narendra Modi ilə İsrailin Baş naziri çox yaxın dostdurlar və hər ikisi də sağ-millətçi mövqeyə malikdir (onların yaxın dostluğunu əks etdirən və Azərbaycan mediasında heç vaxt dərc olunmamış nadir fotoşəkilləri burada paylaşıram).

2 – Yaxın Şərq münaqişəsində, o cümlədən Qəzza, Suriya ilə bağlı proseslərdə N.Modinin rəhbərlik etdiyi Hindistan birmənalı olaraq İsraillə həmrəylik nümayiş etdirir. Qlobal Cənub blokuna və “inkişaf etməkdə olan” ölkələr qrupuna aid olan dövlətlər arasında Hindistan nadir ölkələrdən biridir ki, fələstinlilərin yox, İsrailin tərəfini tutur. Bu da məhz Modinin hakimiyyətə gəlməsindən sonra başlayıb. Çünki əvvəllər Hindistan da Fələstini dəstəkləyirdi.

3 – Ortada həm də Amerika faktoru var. ABŞ-ın yaxın müttəfiqləri olan İsrail və Hindistan vahid mövqedən çıxış edərək Pakistan və Çinə qarşı hərbi-siyasi alyans formalaşdırıblar. “Independent” qəzeti bu alyansı belə dəyərləndirir: sağçı sionizmin Hindistan sağçı millətçiliyi ilə İslamabad və Pekinə qarşı əks ittifaqı.

4 – İslamofobiya amili. Qatı millətçi partiyaya – “Bxaratiya Janata Parti”-yə (BJP) rəhbərlik edən Narendra Modi, həmçinin islamfob və türkəfob baxışları ilə fərqlənir. O, Pakistanın Türkiyə ilə müttəfiqlik münasibətlərini heç cürə həzm etmir. Bu yanaşma Modi və Netanyahunu daha da yaxınlaşdırır. Netanyahu Modi ilə birlikdə “anti-İslam koalisiyası” formalaşdırıb.

5 – Sıx hərbi əməkdaşlıq və silah satışı. İsrail Hindistana öz silahlarını satmaq üçün ən böyük bazarlardan biri kimi baxır. Bu ölkədən Hindistana “Rafael Spice-2000” tipli “ağıllı bomba”lardan tutmuş ən son model avtomatlara qədər geniş çeşiddə silahlar ixrac olunur. Hər il İsrail-Hindistan birgə hərbi təlimləri keçirilir. Həmçinin, hindistanlı hərbçilər İsrail hərbi bazalarında kurslara qatılırlar.

Bütün bunların fonunda, “İndependent”in Yaxın Şərq üzrə müxbiri Robert Fisk yazır ki, İsrail Pakistan və Hindistan arasında münaqişənin kəskinləşməsində mühüm rol oynayır. “Observer Research Foundation” analitik mərkəzinin elmi tədqiqatçısı Şayri Malhotra isə vurğulayır ki, “bu, təkcə hərbi əməkdaşlıq deyil, sağçı sionizm ilə hind sağçı millətçiliyi arasında ittifaqdır. Hindistan və İsrail arasındakı münasibətlər də şübhəsiz ki, hazırda bu ölkələrin hakim partiyaları olan BJP və “Likud” arasındakı millətçi ideyaların təbii yaxınlığı ilə formalaşır”.

Və beləliklə, Modi və Netanyahunun timsalında Hindistan-İsrail “anti-İslam koalisiyası” ilk növbədə Pakistan üçün real təhdidə çevrilir. Şahbaz Şərif də məhz bu məqamı nəzərdə tutaraq İsrailin Hindistana real hərbi dəstək verməsi barədə açıq mətnlə danışıb.

Pakistan baş nazirinin belə açıq danışması sözsüz ki, İsrailin Hindistana hərbi dəstək verməsinin təkcə Pakistan üçün yox, bütün dünya üçün təhlükəli olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq niyyəti ilə bağlıdır. Hindistan, Ermənistan kimi şər ölkələri silahlandırmaq həqiqətən də bütün insanlıq üçün təhlükəlidir. Bu amili Rusiya, Fransa, Kanada kimi ölkələr də nəzərə almalıdırlar. Çünki onlar da Hindistan və Ermənistanla hərbi sahədə sıx əməkdaşlıq edirlər.

***

İsraillə bağlı müsbət məqam isə bu ölkə ilə Türkiyə arasında Bakıda əldə edilən razılaşma ilə bağlıdır. Belə ki, Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk mətbuata açıqlamasında bildirib ki, Türkiyə və İsrail Suriyada arzuolunmaz münaqişələrdən yayınmaq üçün işlək mexanizmin yaradılması üzərində danışıqları davam etdirir.

Xatırladaq ki, Təl-Əvivlə Ankara arasında sözügedən koordinasiyalı şəkildə texniki danışıqlar mexanizminin yaradılması barədə razılaşma İsrail və Türkiyə nümayəndə heyətləri arasında aprel ayında Bakıda keçirilmiş ilk görüşdə əldə edilib. Və iki ölkənin nümayəndələri son olaraq ötən həftə yenə Azərbaycanın paytaxtında bir araya gəliblər. Həmin müzakirələrdə İsrail və Türkiyə aralarında “qaynar xətt”in yaradılması razılaşdırılıb. Nəticə etibarilə, indiyədək tərəflər arasında Bakıda dörd görüşün keçirildiyi bildirilir. Ümid edək ki, bu görüşlər sonda İsrail və Türkiyə arasında səmərəli ortaq məxrəcin tapılması ilə nəticələnəcək.

P.S.

Yeri gəlmişkən, Azərbaycan İsrail və Pakistan arasında da vasitəçi rolunda çıxış edə bilər. İsrailin üzünü Hindistana yox, məhz Pakistana tərəf çevirməsi hamı üçün faydalı olardı.

P.P.S.

Bu arada Pakistan liderinin gələn həftə Azərbaycana səfərə gələcəyi bildirilir. Təcili və çox önəmli səfərdir.

Bəybala MİRZƏYEV

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights