ELAZ.İNFO xəbər verir ki, yanvarın 8-9-da baş verən kütləvi qırğınlardan sonra İran hökuməti həlak olanların ailələrinə qarşı misli görünməmiş repressiyalara əl atır. “Iran International”ın əldə etdiyi məlumatlara görə, təhlükəsizlik qüvvələri öldürülən gənclərin cənazələrini girov saxlayaraq ailələrdən pul və sükut tələb edir.
Rəşt şəhərindən qaçan şahidlərin dediyinə görə, bəzi ailələrdən cənazəni təslim almaq üçün 30 milyard rial (təxminən 20,000 dollar) məbləğində depozit tələb olunur. Məqsəd ailənin kütləvi dəfn mərasimi keçirməsinin qarşısını almaqdır.
Bir çox ailə övladının ölüm xəbərini yalnız o, gizli şəkildə dəfn edildikdən sonra öyrənir. Təhlükəsizlik qüvvələri ailələri hədələyir: “Əgər qəbir üstünə yığışsanız, meyiti qazıb naməlum yerə aparacağıq”.
23 yaşlı neft-kimya işçisi Armin Caşni-Nejadın ailəsinə bildirilib ki, cənazəni yalnız o halda ala bilərlər ki, övladlarının “terrorçular” tərəfindən öldürüldüyünü desinlər.
İnternet blokadasının qismən yarılması ilə dəhşətli görüntülər yayılmağa başlayıb. Tehranın Kahrizak morqunun qarşısında çəkilmiş 12 dəqiqəlik video dünyanı sarsıdıb. Videoda bir ata yüzlərlə qana bulaşmış cəsəd arasından oğlunu axtarır. O, hönkürərək “Xameneiyə ölüm!” deyə fəryad edir və oğlunu səsləyir: “Sepehr, atan sənə qurban, haradasan?”

Yayılan videolarda bəzi meyitlərin üzərində həm güllə yaraları, həm də tibbi müdaxilə izləri görünür. Bu, bəzi yaralıların xəstəxanaya aparıldıqdan sonra orada qətlə yetirildiyi barədə şübhələri artırır. Həmçinin, şahidlər bir çox insanın qəsdən baş nahiyəsindən və ya cinsiyyət orqanlarından hədəf alındığını bildirirlər.
İran dövlət televiziyası isə ölənlərin sayını hələ də 3,100 civarında göstərir və onların böyük hissəsinin “xarici agentlər” və “terrorçular” tərəfindən öldürüldüyünü iddia edir. Lakin sızan sənədlər itkilərin 36,500-ü keçdiyini təsdiqləyir.
Ruslan MƏMMƏDOV