Rusiya iqtisadiyyatı 2026-cı ilin yekunlarına görə 2% artım nümayiş etdirə bilər. Bu müsbət dəyişikliklərə əsasən idxalın əvəzlənməsi (yerli istehsalın artırılması) və uçot dərəcəsinin aşağı salınması təsir göstərəcək.
ELAZ.INFO xəbər verir ki, Rusiya Dövlət Dumasının Maliyyə bazarı üzrə komitəsinin rəhbəri Anatoli Aksakov Komitə sədri iqtisadi artımı şərtləndirən amilləri belə izah edib: “İstehsal artır, tələb yüksəlir, idxalın əvəzlənməsi prosesi gedir və Mərkəzi Bankın uçot dərəcəsi də buna təsir edir. Hesab edirəm ki, ümumi artım 2% təşkil edəcək”.
Çuvaşiya İqtisadi İnkişaf Nazirliyinin kollegiya iclasında çıxış edən Aksakov Rusiya Bankının (Mərkəzi Bank) yaxın gələcəkdə uçot dərəcəsini daha fəal şəkildə aşağı salmağa başlayacağını, bunun isə öz növbəsində kreditlər üzrə faiz dərəcələrinin azalmasına gətirib çıxaracağını bildirib. O əlavə edib ki, bütövlükdə il ərzində Rusiya iqtisadiyyatı müsbət templərlə böyüyəcək və bu göstəricilər Rusiya hökumətinin rəsmi proqnozlarından daha yüksək olacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın 2027-ci il və 2028–2029-cu illərin planlaşdırma dövrü üçün sosial-iqtisadi inkişaf proqnozunun ssenari şərtlərinə əsasən, ölkənin ÜDM artım tempinin 2029-cu ilə qədər illik ifadədə 2,4%-ə çatacağı bildirilmişdi. Cari 2026-cı ildə isə iqtisadiyyatın dinamikasının rəsmi olaraq 0,4% səviyyəsində olacağı gözlənilir.
Ruslan MƏMMƏDOV
