Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda müstəmləkəçilik məsələsinin müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb.
ELAZ.İNFO xəbər verir ki, dövlət başçısı IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı dünyada mövcud olan müstəmləkəçilik meyilləri və Bakı Təşəbbüs Qrupunun bu istiqamətdə fəaliyyəti barədə fikirlərini bölüşüb.
Prezident bildirib ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik məsələsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal fəaliyyət göstərir. Onun sözlərinə görə, bu təşkilat sözügedən mövzunun qlobal gündəliyə daxil edilməsində mühüm rol oynayan qurumlardan biridir.
İlham Əliyev qeyd edib ki, Azərbaycan hökuməti bəzi hallarda Fransanın daxili işlərinə müdaxilə etməkdə ittiham olunur. Dövlət başçısı isə insan hüquqlarının universal məsələ olduğunu və bu mövzuda fikir bildirməyin beynəlxalq hüquq çərçivəsində mümkün olduğunu vurğulayıb.
“Biz hesab edirik ki, insan hüquqları universal məsələdir. Bakı Təşəbbüs Qrupu bəlkə də bu gün ən səmərəli QHT-lərdən biridir ki, bu məsələni qlobal gündəliyə daxil edib”, – deyə Prezident bildirib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu müxtəlif beynəlxalq tədbirlərdə müstəmləkəçilik, xalqların hüquqları və öz müqəddəratını təyinetmə məsələləri ilə bağlı müzakirələr təşkil edir.
elaz.info


