yanğın baş verib

Bakı-Quba yolunda yanacaqdaşıyan avtomobil aşıb, yanğın baş verib

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi istiqamətində hərəkət edən yanacaqdaşıyan avtomobildə yanğın baş verib.

ELAZ.İNFO  xəbər verir ki, hadisə ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub. Məlumata əsasən, yanğın ödənişli avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Araşdırma zamanı məlum olub ki, “MAN” markalı yanacaqdaşıyan avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yol kənarına aşıb və bundan sonra yanğın başlayıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə nəzarətə alınıb. Yanğının avtomobilin kabinəsinə və ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin qoşqusunda yerləşən yanacaq çəni və ətrafa dağılan yanacaq təxminən 500 kvadratmetr ərazidə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

FHN əməkdaşları tərəfindən avtomobilin kabinəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın