Hind Quşu Festivalı

Səhər saat 8.00. Havanın temperaturu 0 dərəcə. İş yerində istilik sistemi işləmir. Məlum olur ki, müəssisə rəhbərinin boş olan ocaqçı ştatına işçi götürmək səlahiyyəti yoxdur. Yeni qaydalara rəğmən bu səlahiyyət məşğulluq idarəsinə verilib. Soyuq otaqlarda rəngi soyuqdan göyərmiş işçilər günorta saatlarında sevindirici xəbər alır. Yeni təyin olunmuş ocaqçı gəlir deyə hamının daxilində sabahkı iş gününə isti ümid qığılcımı parlayır. Az keçmir ki, o ümid işığının istisi buz kimi təəssüflə əvəzlənir. Yeni işçi ayda 310 manatlıq məvacibə ağır və üzüntülü işi boynuna götürməkdən imtina edir.

Heç demə miniumum əmək haqqının 400 manat olması kağız üzərində imiş. Texniki işçilər məcburi tutulmalardan sonra aylıq 310-320 manat maaş alırlar.

İşdən xahişlə bir az tez çıxıb, üz tuturam poliklinikaya. Sağlamlıq haqqında arayış almaq üçün əvvəl qeydiyyatdan keçməyə növbə tuturam. Mənim növbəm 11 nəfərdən sonra çatır. Sonra kassaya yaxınlaşıb, 50 manat pul ödəyirəm. Dövlət müəssisəsi hesab olunan poliklinikada mən tibbi sığorta ödəyicisi bu 50 manat ödənişi niyə etməliyəm sualına cavab tapa bilmirəm. Kim qəbul edib bu qaydanı? Hansı “ağıllının” qərardır? Görəsən bu poliklinikanın rəhbəri övladının məktəbdə oxuması haqqında arayış alarsa, məktəbə 50 manat ödəniş ödəməli olduğunu desən hansı reaksiyanı verər? Əlqərəz, daxil olub qeydiyat otağına 12 nəfər say sıralaması olan həkim kabinetlərinə üz tuturam. Elə birinci yanaşdığım qapının ağzında 16 nəfər növbə gözlədiyinin şahidi oluram. Guya çoxbilmişlik edib, burda növbə tutub, o biri həkimin qapısına üz tuturam. Bura lap qələbəlikdir. Mən 18 nəfər pasiyentin həkim müayinəsini gözləməliyəm. Üçüncü, dördüncü cəhd, “çoxbilmişliyim” işə yaramadığını anlayıb, ilk növbə tutduğum qapıya qayıdıram. Çox çətinliklə 12 “səddən” ikisini aşmağa müəssər olunca lap sevincək olub, uşaq kimi atılıb, düməkdən özümü güclə saxlayıb, iş günü qurtardığına poliklinikanı tərk edirəm. Düzü sabah işdən icazə almağa üzüm gəlməyəcəyini dəqiq bildiyimdən nə edəcəyimi müəyyənləşdirməkdə çətinlik çəkirəm. İstrahət günləri poliklinikalar işləmir. Həftənin qalan günləri isə belə vəziyyət. Demək ölkə vətəndaşı bir adi tibbi arayışı almaq üçün ən azı 4-5 gün tibb müəssisələrinə ayaq döyməli və bu üzüntüyə sərf etdiyi vaxtı mütləq öz iş yerindən icazə almaqlamı, işinə xəyanət etməkləmi qazanmalıdır.

Evə tələsirəm. Elə bu vaxt köhnə dostlarımdan biri ilə rastlaşıram. Çox qayğılı və kefsiz olduğunu anındaca hiss etdiyimdən bir az gen-geniş hal-əhval tuturam. Yazıq himə bənd imiş. Bu gün onun baş idarələrindən qarşısına qoyulan şərti eşidincə qulaqlarım eşitdiyinə inanım, inanmayım dilleması ilə üz-üzə qalır. Dostum deyir ki, rəhbərlik mənə deyir hər ay üçün azı iki nəfərin işdən azad olma əmrini verməlisən. Əgər işçinin fəaliyyətində nöqsan tapmırsansa demək sən özün nöqsanlısan. Camaatın haqqına girib, şərləyib, bir parça quru çörəyindən edib, sağ ol qazanmağımı, öz çörəyimlə üz-üzə qoyurlar.

Lənət şeytana. Bu nə deməkdir? Otuzuncu illərdə “xalq düşməni” üzə çıxarma bəhsləşməsinin müasir formada zühuru?

Allah özü kömək olsun deyib, dostumla xüdafizləşirəm. Evə çatanacan xəbər saytlarına göz gəzdirməklə guya fikrimi yayındırmağa cəhd edirəm.

Hind Quşu Festivalı manşetlərdən gözlərimə girir. Kaş bu ideyanı ilk olaraq verən adamın ikicə günlük həyat tərzinə, yaşam qrafikinə baxa biləydim keçir ağlımdan. Görəsən bu adam nə yeyir, nə içir? Ailəsində ailə üzvülərilə necə, hansı mövzuda söhbət edir? Gerçəkdən maraq məni qəribə ehtirasla o məxluqu kənardan seyr etməyə sövq edir.

Pərviz YƏHYALI

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights