Ərlə arvad kurortda dincəlmək qərarına gəlir. İş elə gətirir ki, kişi bir gün qabaqcadan getməli olur. Gedib çatır, otağına yerləşir. Kompüteri açıb internetə girir. Sabah gəlməli olan arvadı arxayınlaşsın deyə ona məktub yazır. Amma e-mail adresini yazanda bir hərf səhvinə yol verir. Nəticədə məktub ərini bir gün əvvəl dəfn etmiş başqa qadına gedir. Dul qadın da poçtunu yoxlayırmış. Birdən bu başlıqda məktub görür:
-“Hələ də evdə olan arvadıma…”
Qadın qorxudan bağırır. Oğlu tez otağa girib nə baş verdiyini soruşur. Dili tutulan qadın qorxudan əsə-əsə əli ilə kompüteri göstərir. Oğlu monitordan bunları oxuyur:
-“Əzizim, bilirəm, sənə məktub yazacağımı gözləmirdin. Amma sən demə, burada kompüter və sürətli internet varmış. Demək istəyirəm ki, normal gəlib çatdım. Qeydiyyatdan keçdim. Sənin gəlişinə hazırlaşıram. Ümidvaram ki, rahat gəlib çıxacaqsan. Səbirsizliklə gözləyirəm. Hə, bura dəhşət istidir…”
P.S. Bu gün internet günüdür. Demək istəyirəm ki, internetin belə qorxulu tərəfləri də var. Zəhri yarılan yazıq arvad az qala öləcəkdi)
Düzdü, qoşdu: Famil CƏFƏRLİ