“Hər qəlbdə bir qələbə”

Elaz.info bildirir ki, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıqlar çərçivəsində bu gün yarışlara həsr olunmuş ilk rəsmi mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova Oyunların keçiriləcəyi regionlar, idman məkanları və gözlənilən iştirakçı sayı ilə bağlı ətraflı məlumat verib.
Qeyd olunub ki, “Hər qəlbdə bir qələbə” şüarı altında keçiriləcək Oyunlara təxminən 5500 idmançının qatılması nəzərdə tutulur. MDB məkanının ən böyük idman tədbirlərindən biri olan bu yarışlar Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunacaq. Bu bölgələr yalnız müasir idman infrastrukturu ilə deyil, eyni zamanda zəngin mədəni irsi və qonaqpərvərliyi ilə də seçilir. Mətbuat konfransında eləcə də, Könüllü Proqramına start verildiyi bildirilib. Həmçinin proqram çərçivəsində paytaxt Bakı və əsasən də regionlardan 3000-ə yaxın könüllünün III MDB Oyunlarına cəlb olunması gözlənilir.
Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə Sərəncam imzalayaıb.
Konfrans zamanı media nümayəndələrinə yarışla bağlı ətraflı məlumatların yerləşdirildiyi rəsmi veb-sayt – www.cisgames2025.com təqdim olunub. Sayt vasitəsilə iştirakçılar və maraqlı tərəflər yarış cədvəlləri, məkanlar, könüllülər və media qeydiyyatı ilə bağlı yeniliklərlə tanış ola biləcəklər.
Azərbaycanın III MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəkdir.


Nadir Hüseynov

Verified by MonsterInsights