Fars körfəzi ölkələrindən kütləvi təxliyə

ELAZ.İNFO xəbər verir ki, Fars körfəzi ölkələrində qalan Rusiya vətəndaşlarının geri qaytarılması prosesi sürətlənib. Rusiya Tur operatorları Assosiasiyasının (ATOR) məlumatına görə, indiyədək bölgəni təxminən 15,8 min rusiyalı sərnişin tərk edib.

Xüsusilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sıxlıq müşahidə olunur. Son 24 saat ərzində bu ölkədən 7 minə yaxın sərnişin yola salınıb. Təxliyə prosesinin statistikası belədir: Son 3 gün (2-4 mart): BƏƏ və Omandan 64 reys həyata keçirilib, 12,2 min nəfər geri qayıdıb. Gedilən şəhərlər: Təyyarələr təkcə Moskvaya deyil, həm də Sankt-Peterburq, Ekaterinburq, Novosibirsk, Kazan və Mahaçqala kimi şəhərlərə eniş edib. Son sutka: Dubay və Şarja hava limanlarından Rusiyaya 35 birbaşa reys icra olunub.

Bölgədəki gərginlik səbəbindən bəzi uçuşlarda yubanmalar qeydə alınır. “Oman Air”in Maskat-Moskva reysi yerli vaxtla 18:20-dək gecikir. Günün sonuna qədər Dubaydan Moskvaya, Ekaterinburqa və Kazana daha 11 reysin reallaşması gözlənilir. Mineralnıye Vodı istiqamətinə olan uçuş isə martın 6-na keçirilib.

ATOR-un proqnozuna görə, əgər bütün planlaşdırılan uçuşlar baş tutarsa, 5 mart tarixinədək ümumilikdə 90 təyyarə ilə təxminən 17,5 min sərnişin bölgədən çıxarılmış olacaq.

Qeyd edək ki, bu kütləvi köç ABŞ və İsrailin İranda həyata keçirdiyi hərbi əməliyyatlar fonunda bölgədə yaranan təhlükəsizlik riskləri ilə əlaqədardır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights