ETÜD

Xəyalı onu hər anı illərə bərabər, hər saatı andan da qısa keçən xatirələrlə baş-başa qoymuşdu. Yazın son günləri bürkülü yayın tələsib tez gələn vədəsiz istisinə bürünüb nəfəs tıncıxdırırdı. Gündüzdən qalan isti çökən qaranlığı vecinə almırmış kimi elə nəfəs kəsmək istəməsində israrlı idi. Dəhşətli tıxac, yeknəsəq səs-küy asudəliyə çıxmaq arzusunu bir an belə olsun fikrindən çıxarmırdı. İlk dəfə idi ki, bu qarmaqarışıq hay-küydən bacardıqca tez qaçmaq istəyirdi. Əvvəllər məcburiyyət qarşısında tərk ediyi, amma ürəyinin arxada qaldığı məkanın içində min bir xatirəsi olsa da indi buralar gözündən düşmüşdü. Bircə bu əyri-üyrü yöntəmsizlikdən yaxa qurtarıb yola çıxsaydı, bəlkə də dünyanın ən xoşbəxti olardı fikri düz qafasının ortasına hakim kəsilmişdi.

Baxışlarını maşının şüşəsindən səmaya diklədi. Ay görünmürdü. Ona elə gəldi ki, ay bu şəhərin səmasını çoxdan tərk edib, üz tutub uzaqlara. Görəsən düşüb piyada qaçsam çataramı aya, pıçıldayıb dodaqlarının arasında elə öz-özünə də lənətlərini hara gəldi səpələyirdi. Şəhərəmi, bürkiyəmi, tıxacamı, heç də düz gəlməyən işlərinəmi lənət dediyini heç özü də anlamırdı. Yollar rezin addımların qarışqa yerişində tapdanmaqdan haray qoparırdı. Ağlına Stendalın ömrümdə bir dəfə də olsa tıxac görmədyi gəldi. Hətta dodaqaltı gülümsədi də. Qırmızı və Qaranı tıxaclardan keçib yaratmaq olmazdı. Olsa-olsa boz və tər qoxulu qaydasızlıq yazılardı. Tənqidçilər də şit-şit elə bozdan resenziyalar düzüb-qoşardı.

Qapqara gecənin əyləclərdən doğan qırmızı işıqları həyasızcasına onun tələskənliyinə meydan oxuyurdu. Qəlbdən dodaqlara gələnə qədər keçilən tərəddüd sədləri bu qırmızı işıqların yanında heç nə imiş. O dodaqlar ki təbəssümü günəşi utandırıb gündüzün günorta çağı buludları haraya çağırmağa məhkum edirdi, indi gecənin siyahından niqablanıb çoxdan qürub etmiş günəşin dalınca tələsirdi. Yəqin çatıb demək istəyir ki, qayıt. Qayıt dan şəfəqlərindən nur payla yerə-göyə. Mənim nurum bir adamlıqdı. Təkcə bir qəlbə işıq tutmaq üçündü.

Nəhayət canını qurtardı. Sıxlıq da, hay-küy də geridə qaldı. İki günün yorğunluğu kirpiklərindən daş kimi asılmışdı. Yumulmaq üçün yalvarırdı. Qarşıda isə buludların arasından boylanan ay elə durmadan səsəyirdi ki, mənə çatmaq istəyirsənsə dayanma!

Heç ayın beləcə sürətlə getdiyini ağlıma gətirməzdim, deyib bacardıqca sürət artırdı. Ay qaçır, o isə qovurmuş kimi artıq tənginəfəs olurdu.

Həhayət can atdığı doğma güşəsinə qovuşdu. Qaça-qaça günbatanı nişan alan ay da bədirlənib gəlib onun yaşı üç yüz ili haqlamış palıd ağacının düz uc budaqlarından matdım-matdım boylanmaq üçün poz aldı. İlahi, bura necə sakitlikdi. Bülbüllərlə həşəratların səsi sakitliyə nəğmə dedikcə qəribə səs-küyün içində bir hüzur doğurdu.

Yenə ağlına gələn ilk işi bağçadakı son yaz yasəmənlərindən dəstə tutmaq oldi.

Mənim səmama beləcə bənd olmuşdun? Bura tələsirdin? Üfff!!! Nə yaxşı ki, varsan. Nə yaxşı ki, zülmətimə işıq tutmusan. Bax bu ətirli yasəmənlər sənin üçüdür, gül dodaqlarından qopan həsrətində olduğum üçcə hecalıq söz üçündür.

Kirpiklərindəki daşlar qırıldı düşdü. Yorğunluq ay işığının ağacların kölgəsinə düşməyən qaranlığına qarışıb qeyb oldu. Ona elə gəldi ki, qədim əcdadları olan albanların selena məbədi elə onun hücrəsidir. Göz izlərini narıncı-bəyaz işığına büküb pəncərəsinə göz qırpmadan baxan ay da bu məbəd hücrənin mehrabıdır.

Qeyri ixtiyari qəlbindən dodaqlarına süzülən sözləri pıçıldadı. Elə iki gün əvvəl eşitdiyi etrafdakı sehirli sözləri. Bu inilti, dua, səcdə, içdən gələn nida, titrək detonasiyalı ülviyyət, ürəyinin döyüntülərin ritmindən doğan ən incə səda idi.

Pərviz YƏHYALI

Bizimlə oxuyun
Verified by MonsterInsights