Dövlət satınalmalarında şəffaflıq və rəqabət əsas məsələdir”

Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı dövlət satınalmaları haqqında qanunvericiliyə təklif olunan dəyişikliklərə və xüsusi satınalma rejiminin əhatə dairəsinin genişləndirilməsinə münasibət bildirib.
ELAZ.INFO xəbər verir ki, millət vəkili əsas narahatlığının satınalmaların əhatə dairəsinin genişləndirilməsindən daha çox, bu prosesin nə qədər şəffaf və rəqabətli həyata keçiriləcəyi ilə bağlı olduğunu vurğulayıb. Razi Nurullayev dövlət satınalmaları sahəsində bu günə qədər sahibkarların kifayət qədər ciddi narazılıqlarının olduğunu diqqətə çatdırıb:
“Söhbət yalnız ayrı-ayrı texniki problemlərdən getmir. Satınalmaların şəffaflığı, tender şərtlərinin hazırlanması, rəqabətin təmin olunması, sahibkarların əsassız olaraq prosesdən kənarlaşdırılması və nəticələrin əsaslandırılması ilə bağlı suallar dəfələrlə səsləndirilib. Hətta dövlətin özünün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderlərdə konkret markaya və ya konkret iştirakçıya üstünlük verə biləcək məhdudlaşdırıcı texniki tələblərin yolverilməz olduğunu xüsusilə qeyd edib. Bu o deməkdir ki, sözügedən risklərin reallığı hər kəsə məlumdur.”
Təqdim olunan layihə ilə xüsusi satınalma rejiminin əhatə dairəsinin dövlət müəssisələri ilə yanaşı, dövlət payı olan təsərrüfat cəmiyyətlərinə, publik hüquqi şəxslərə və onların təsisçisi olduğu hüquqi şəxslərə də şamil edildiyini xatırladan MCP başqanı hesabatlıq məsələsinə toxunub. Deputat bildirib ki, ümumi satınalma qaydalarından kənara çıxan hər bir qurum daha az deyil, əksinə, daha çox şəffaflıq nümayiş etdirməlidir.
Millət vəkili yeni qaydaların prinsiplərinin əvvəlcədən aydın olmasının və sahibkarların hüquqlarının real müdafiəsinin vacibliyini vurğulayıb “Sahibkar tenderdə iştirak etmək üçün hansı şərtlərin olduğunu, qiymətləndirmənin necə aparılacağını, bir şirkətin nə üçün qalib elan edildiyini, digərinin isə niyə kənarlaşdırıldığını və pozuntu gördükdə hara müraciət edə biləcəyini dəqiq bilməlidir. Mövcud qanunvericilik sahibkara şikayət etmək hüququ versə də, bu hüququn yalnız kağız üzərində qalmaması, real işlək mexanizmə çevrilməsi vacibdir.”
Ruslan MƏMMƏDOV




