– DƏNİZÇİ GÜNÜNƏ HƏSR OLUNUB
25 iyun – Dənizçi Günü
Səhərin ilk işıqları Xəzərin səthini yuyarkən, dənizin sükutu içində bir qəhrəmanlıq əfsanəsi nəfəs alır. O səssiz dalğaların arxasında illərin izləri, dənizçilərin ayaq səsləri, fırtınalara meydan oxuyan ürəklərin döyüntüsü yatır. Bu gün – Dənizçi Günü – sadəcə bir peşənin deyil, bütöv bir həyat tərzinin, bir məktəbin, bir mədəniyyətin, bir şücaətin bayramıdır.
Hər kəsin sahilə bağlı olduğu bir anda, dənizçilər uzaqlara yelkən açır. Onlar üçün səma ulduzları kompas, dalğalar isə gündəlik yol yoldaşıdır. Onlar üçün Vətən həm limandır, həm də üfüqlərdir. Azərbaycan dənizçiləri bu torpağın şərəfli övladları kimi illər boyunca Xəzərin dalğaları ilə mübarizə aparmış, neft daşıyan tanker kapitanından tutmuş, xilasetmə gəmilərində həyat qurtaran matroslara qədər hər biri öz işində bir qəhrəman olmuşdur.
Xəzərin qoynunda doğulan Azərbaycan dənizçiliyi, Sovet dövründəki parlaq inkişafı ilə yanaşı, müstəqillik illərində də öz yolunu şərəflə davam etdirmişdir. Dənizdə zaman yalnız saatlarla yox, qəhrəmanlıq anları ilə ölçülür. Bəzən bir kapitanın vaxtında verdiyi qərar, bir mexanikin səssizcə etdiyi təmir, bir gənc matrosun göyərtədəki cəsarəti – bir gəmini fəlakətdən, bir canı ölümün pəncəsindən qurtarır.
Kapitanlar olub ki, aylarla ailəsini yalnız telefondan eşidib, matroslar olub ki, toyunu limanda videozənglə izləyib. Amma onlar heç zaman üz çevirməyiblər. Onlar Xəzərin nəfəsiylə böyüyüblər, onun qəzəbinə dözüblər, səbrinə söykəniblər.
Onların əlləri duzlu su ilə sərtləşib, gözləri dumanlı üfüqlərdə ümid axtarıb. Onlar fırtınanın içində dayanmağı, limansız gecələrdə ümidlə yaşamağı bacarıb. Hər bir Azərbaycan dənizçisi bir dastandır – oxunmamış, yazılmamış, amma yaşanmış.
Bu gün AZCON HOLDİNGİN ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) və digər dənizçilik müəssisələrində çalışan minlərlə dənizçi yalnız yük daşımaqla deyil, həm də vətənin iqtisadi damarlarını yaşatmağı öz öhdəsinə götürüb. Onlar müasir tankerlərdən tutmuş, sərnişin gəmilərinə qədər hər növ gəmini idarə edirlər və hər birində vəzifələrini ləyaqətlə yerinə yetirirlər.
Dəniz bir məktəbdir – səbr, təmkin, məsuliyyət və dəyanət məktəbi. Orada zəif iradə qalmaz. Azərbaycan dənizçiləri bu məktəbin ən parlaq məzunlarıdır. Onlar yalnız dalğaları yox, həyatı da ram etməyi bacarıblar. Dənizçi olmaq — ömür boyu dalğa ilə dost, tufanla düşmən olmaq deməkdir.
Və nəhayət…
Əziz dənizçilər!
Bu gün sizə dənizin mavi aynasından baxırıq. Qəlbimizdə sonsuz minnətdarlıq, gözlərimizdə fəxr hissi var. Həyatınızı təhlükə qarşısında da, soyuq və qaranlıqda da, ayrılıq və həsrətlə də başı dik yaşamısınız. Sizə səmimi təşəkkürümüzü, ehtiramımızı və böyük sevgimizi bildiririk!
Bayramınız mübarək, Xəzərin qəhrəman oğulları və qızları!
Dənizlər həmişə sakit, yollarınız aydın, limanlarınız vətənlə dolu olsun!
25 iyun – Dənizçi Gününüz mübarək!
Sakit MALİKOV