Dadlı yeməklər çoxdur, sağlamlıq isə təkdir!

ZƏRƏRLİ QİDALAR haqqında məktəblilər üçün məlumat

Əziz məktəbli dostlar! Sağlam və uzun ömür yaşamaq istəyirsinizsə, fast-fud yeməklərindən və zərərli qidalardan uzaq olun!
Xatırlatmaq istəyirəm ki, zərərli qidalar orqanizmə tədricən ziyan vurmaqla yanaşı, ilk növbədə artıq çəkiyə və piylənməyə, həmçinin mədə-bağırsaq, ürək-damar və beyin-damar sistemlərinin xəstəliklərinə, qaraciyər, böyrəklərin toksiki zədələnmələrinə, şəkərli diabetə gətirib çıxara bilir.
Məktəb yeməkxanalarında Sizlərə təklif olunan “əlüstü yeməklər”, qamburger, dönər, şaurma, ponçik və tez hazırlanan digər qida növləri təkrar yağlarda qızardılır, tez-tez yedikdə qarında ağrılar, həzm pozuntusu, qəbzlik və ya ishal (qarıngetməsi) yaradır.
Diqqətinizə catdırmaq istəyirəm ki, soyuq, şirin qazlı suların bu yeməklə birgə istifadəsi daha çox zərərlidir. Çünki bu zaman qidanın mədədə qalma müddəti 4-5 saatdan 20 dəqiqəyə qədər azalır, tezliklə yenə aclıq hissi yaranır, bu zaman isə həzm prosesi çətinləşir və bağırsaqlarda çürümə proseslərinə şərait yaranır.

Fri-kartofu və kartof çipsləri ürək-damar sistemi üçün zərərli olan böyük miqdarda yağlar və duzla zəngindir. Məktəbdə tənəffüs zamanı həftədə cəmi 1-2 paket yedikdə dərs ilinin sonuna qədər bədən çəkiniz 3-4 kiloqram arta bilər.

Məktəblilərin daha çox isifadə etdiyi qazlı sular da yaddan çıxarılmamalıdır. Məlum olduğu kimi, qazlaşdırılmış şirin suların da orqanizmə çox böyük zərərləri var.
Qazlaşdırılmış şirin suların qəbulu dişlərdə kariesə, şəkərli diabet xəstəliyinin yaranmasına və sinir sistemi xəstəliklərinin (Parkinson xəstəliyi) inkişafına səbəb ola bilər. Bu suların tərkibində çoxlu miqdarda şəkər vardır ki, bunlardan istifadə etdikdə artıq bədən çəkisi və piylənmə riski ciddi dərəcədə artır.
İndi isə gələk kolbasa və sosiskalara. Qeyd etmək istəyirəm ki, kolbasa və sosiska məmulatlarının tərkibində ətlə yanaşı, donuz və ya mal ətindən hazırlanmış yağlar (iç piyi) vardır. Bu məhsulların tərkibində ciddi dərəcədə transgen soya vardır və o geni dəyişilmiş xammaldan hazırlanır. Mayonez və ketçuplar, şokoladlı batonlar, çeynənən konfetlər, jelebonlar, “çupa­çupslar” şəkərlə zəngin olduğuna görə şəkərli diabet, mədəaltı vəzin xəstəliklərinə yol açmaqla yanaşı, uşaqlarda allergiya, mədə və böyrək xəstəliklərinə səbəb olur. Mütəxəssislər tərkibində E621, E951, E211, E133, E213 və E151 əlavələri olan qidaların istifadəsindən xüsusilə çəkinməyi tövsiyə edirlər.
Duz “ağ ölüm” adlandırılır və normadan artıq (günə 5 milliqram, yəni 1 çay qaşığından çox) qəbul olunduqda qan təzyiqinin artmasına, ürəyin böyüməsinə, ürək və beyin xəstəliklərinə səbəb olur.
Əziz məktəbli dostlar! Müasir dövrdə görünüşü və ətri ilə cəlbedici görünən yeməklərin heç də hamısı sizin orqanizminiz üçün faydalı deyildir.
Əksinə, sizin çox sevdiyiniz, xüsusi görünüşü və dadı ilə diqqətinizi cəlb edən qidalar çox vaxt ən zərərlisidir. Onların organizmə göstərdiyi ziyanı barədə, xüsusi ilə də sağlamlığınızı zədələyən, müxtəlif xəstəliklər yaradan fast-fud və əlüstü yeməklər barədə gərəkli məlumatları Sizin diqqətinizə çatdırdıq.
Qalır Sizin buna əməl etməyiniz!

Esmira RƏHİMOVA

Verified by MonsterInsights