Dəyərli ziyalı, işıqlı İnsan- Gülnarə Hüseynova

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının qurucusu və uzun müddət rəhbəri olan hörmətli və dəyərli həmkarımız Hüseynova Gülnarə Alxas qızı 18 aprel 1965-ci ildə Bakı şəhərində dünyaya göz acmışdır.

O, Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində təhsil almışdır.

İlk iş yeri Azərbaycan Respublikası Milli Elmlər Akademiyası olsa da, sonradan Bakı şəhəri 246 saylı orta məktəbində pedaqoji fəaliyyətini davam etmişdir.

1997-ci ildən başlayaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri vəzifəsində çalışmışdır.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların maraqlarını təmsil etmək məqsədi ilə yaradılmışdır. Gülnarə xanım üzv olduğu Dünya Hemofiliya Federasiyasının və Avropa Hemofiliya Konsorsiumunun kriteriyalarına əsaslanaraq inkişaf etmiş ölkələrin səhiyyə təcrübəsini Azərbaycanda tətbiqinə nail olmuşdur. Genetik xəstəliklərin qarşısının alınması məqsədi ilə əhali arasında təbliğat və təşviqatın təşkilatçısı kimi fəaliyyət göstərmişdir.


Hemofiliya və genetik xəstəliklər haqqında 1 sosial rolik, 4 sənədli filmin müəllifidir. Hemofiliyanın müalicəsinə dair 3 kitab tərcümə edilib. Altı broşur, altı informasiya bülleteninin, eyni zamanda 600-dən çox TV, Radio çıxışları və qəzet məqalələrinin müəllifidir. Bütün bu fəaliyyətinə görə, 2019-cu ildə, Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr edilmiş medalı ilə, 2021-ci ildə isə Azərbaycan Respublikası Prezidenti tərəfindən Tərəqqi medalı ilə təltif edilmişdir.


Hörmətli və əziz Gulnarə xanım! ELAZ.İNFO Sizi, Vətəndaş cəmiyyətinin inkişafına verdiyiniz töhfələrə, hemofiliyalı və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi və sağlamlıqlarının qorunması sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinəzə görə, həmçinin anadan olmanızın 60 illik yubileyi münasibətilə təbrik edir, həyatda ən önəmli olan can sağliğı arzu edir.
Ürəkdən təbrik edirik!

Esmira RƏHİMOVA

Verified by MonsterInsights