Əziz valideynlər, sizə də sözüm çoxdur…
Dünya artıq başqa dünyadır. Hz. Əlidən gözəl bir kəlam nəql olunur: “övladlarınız sizdən çox zəmanələrinə bənzəyər.” Əksəriyyətinizdə gördüyüm odur ki, uşaqlarınızın təhsil və tərbiyəsində onları hey öz dövrünüzlə müqayisə edirsiniz. Bu müqayisə ədəb-ərkanla bağlıdırsa, sizi başa düşmək olar. Amma, istənilən halda övladınızın hansısa məqamlarda ədəbsizlik etdiyini görürsünüzsə, burda əlbət ki ən çox təqsir özünüzdədir. Ümumiyyətlə isə yeni nəsli mənəvi dəyərlərə daha az sadiq olmaqda ittiham etmək min illərdir bir adətə çevrilmiş yanaşmadır. Hər nəsil yeni nəsildən şikayətçidir. Təsəvvür edin ki, Aristotel belə üç min in əvvəl gəncləri öz nəsilləri ilə müqayisə edib onların zamanla daha ədəbsiz, avara, elmdən və dəyərlərdən uzaq olduğunu narahatlıqla dilə gətirirdi. Bunun həqiqi olduğunu qəbul etsək, o zaman bütün mənəvi dəyərlər min illər öncə itib batmış olmalı idi. Amma, faktiki olaraq elə deyil. Demək ki, bu yanaşmada nəsə çatışmır, nəsə yanlışdır.
Mənim gəldiyim qənaət budur ki, bəli, gəncliyin təlim-tərbiyəsi ilə bağlı bizim dövrümüzdəki münasibət normaları zamanla dəyişir və bizim qəbul edə bilmədiyimiz, bizə anormal görünən bir formaya düşür. Bu, bizi narahat edir. Amma, bu o demək deyil ki, mənəvi dəyərlər sürətlə itməyə doğru gedir. Diqqətlə müşahidə etsək, əsasən dəyərlərin aşınmasını yox, forma dəyişikliyini müşahidə edə bilərik. Məsələn, əvvəlki dövrün təhsil və tərbiyə sistemi böyüklərə qeydsiz-şərtsiz itaəti daha çox qabardır, azad sözə, insan haqqlarına çox önəm vermirdisə, indiki gənclik bu itaət şüurunun gətirdiyi yaltaqlıq, rüşvətxorluq, zorakılıq hallarını daha çox görüb onlara qarşı çıxmaq adı ilə bəzən sağlam dəyərlərdən də uzaq ola, digər yandan isə insan haqqları, şəffaf idarəetmə kimi mövzularda daha həssas ola bilirlər.
Deməli, əslində dəyərlər itmir, forma dəyişir. Bir dövrdə dəyərlər balansı bir istiqamətə doğru (məsələn, kollektiv dəyərlərin təbliğinə) yönəldikcə digər yöndən (məsələn, individual haqqlar və dəyərlər baxımından) pozulursa, sonrakı nəsillər buna qarşı çıxıb balansı digər istiqamətdə pozmağa meyllənir. Zaman gəlir ki, qaş düzəltmək istəyib, göz çıxartmış olurlar. Sonra yenidən bir dövr gəlir ki, individuallaşmanın fəsadları üzrə həyəcan təbili çalınır və yenidən kollektiv dəyərlərə yönəlmə başlayır. Sonra da bu yöndə çoxlu gözlər çıxarılır. Bu tsikl bir neçə əsr də çəkə bilər. Mən kainatda yaxşı-pis enerjinin, xeyir-şərin ümumi həcminin dəyişmədiyinə inanıram.
Əsas məsələ odur ki, yuxarıda Hz. Əlidən deyilən kəlamın mahiyyətini anlayaq. Uşaqlarımıza ümumbəşəri mənəvi dəyərləri aşılaya bilsək, onlar bu dəyərləri məhz zəmanənin gedişatına, şəklinə uyğunlaşdırıb yaşaya biləcəklər. Bizim yaşadıqlarımızdan biraz fərqli formada olsa da…
Elçin HƏSƏN