Uzaq yola çıxan hər bir sürücü tanıyır o mənzərəni belə ki, 90 km/saatla gedən yük maşını önündə sakitcə irəliləyir, arxasında isə tələsən, səbir etməyən, “bir az da sürətli getsəm tez çataram” deyən avtomobillər bir-birini ötür. Amma çoxları anlamır ki, bu tələskənliyin sonu tez çatmaq deyil, tez bitmək olur.
Bəzən o “bir az tez” sürməyin nəticəsi, yolda dayanıb bir siqaret çəkmək və ya bir kafedə bir stəkan çay içmək qədər bir üstünlük qazandırır. Halbuki, o 90 km/saatla gedən yük maşını ilə “tələsən” sürücü arasında maksimum 30 dəqiqə fərq yaranır. Cəmi yarım saat! Bəs bir siqaretlik, bir çaylıq vaxt üçün həyatınızı riskə atmağa dəyərmi?..
Bir az düşünək:
1990–2020 illəri arasında Azərbaycanda 30.000 insan avtoqəzalarda dünyasını dəyişib.
Eyni dövrdə 30.000-ə yaxın şəhid hərbçi və dinc sakin Qarabağ uğrunda canını fəda edib. Təsəvvür edirsinizmi? Müharibə ilə yol arasında ölüm sayı eyni səviyyədədir. Torpaq uğrunda ölənlə, asfalt üzərində ölənin sayı bərabərdir. Fərq təkcə yaddaşdadır. Biri bayrağa bükülür, digəri asfaltdan qaşınır… Biri abidəyə çevrilir, digəri statistikaya. Halbuki hər iki halda bir ana fəryadı, bir ata susqunluğu, bir uşaq yetimliyi var. Hər ikisi bu xalqın itkisi, hər ikisi həyat eşqi ilə yaşayan insanların son nəfəsidir. Ölümün səbəbi fərqli ola bilər, amma dəyəri eynidir. Həyatın qiyməti bir siqaretin, bir fincan çayın vaxtına sığmayacaq qədər böyükdür.
Bu yollarda hamımız yolçuyuq, amma hədəf yalnız “tez çatmaq” deyil, sağ-salamat çatmaqdır.
Bəzən yavaş getmək qorxaqlıq deyil, müdriklikdir. Çünki həyat bir siqaretlik tələsik yox, bir ömürlük məsuliyyət tələb edir. Bir siqaretlik və bir finçan çay üçün vaxt qazanmağa dəyərmi?..
Əli İbrahimov
