ELAZ.İNFO xəbər verir ki, Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev İran tərəfindən Naxçıvan Muxtar Respublikasının hava limanına qarşı həyata keçirilən dron hücumunu kəskin pisləyib. Millət vəkili bu addımı mülki infrastrukturu hədəf alan təhlükəli bir təxribat və terror cəhdi kimi qiymətləndirib
Razi Nurullayev qeyd edib ki, Azərbaycan hər zaman mehriban qonşuluq prinsiplərinə sadiq qalıb və ölkə ərazisi heç vaxt digər dövlətlərə qarşı plasdarm rolunu oynamayıb: Müharibədə tərəf olmayan qonşu dövlətin mülki hava limanını hədəfə almaq humanitar baxımdan qəbuledilməzdir. Bu cür hücumlar onsuz da həssas olan regional təhlükəsizlik mühitini daha da gərginləşdirir. Azərbaycan dövləti hər zaman məsuliyyətli və balanslı siyasət yürüdərək regionda sülhün tərəfdarı kimi çıxış edib.
Deputat hücumun İran daxilində yaşayan milyonlarla soydaşımızın milli hisslərinə toxunduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu hadisə Cənubi Azərbaycanda böyük narazılıq dalğası yarada bilər: Naxçıvana qarşı edilən bu hücum soydaşlarımızın milli kimliyinə birbaşa toxunur. Xalqların kimliyinə hörmət edilməməsi dövlətlərin daxili sabitliyi üçün ən böyük riskdir. Bu cür addımlar soydaşlarımızın öz hüquqlarını daha qəti şəkildə tələb etməsinə yol açacaq.
Razi Nurullayev bəyan edib ki, regional sabitlik yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquq normaları çərçivəsində mümkündür. O, Azərbaycan dövlətinin öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün imkanlara sahib olduğunu və sülh tərəfdarı kimi prinsipial mövqe nümayiş etdirəcəyini bildirib.
Ruslan MƏMMƏDOV