Şəhid Məzahir İsmayılov
ELAZ.İNFO Vətən torpaqlarının azadlığı uğrunda son nəfəsinədək vuruşan Şəhid Məzahir İsmayılovun həyat hekayəsini təqdim edir:
-Laçın rayonunun Yuxarı Cicimli kəndində dünyaya gələn Məzahir Sədi oğlu İsmayılov 1961-ci ilin 9 oktyabrında dünyaya gəlmişdi.
6 yaşında əlinə çanta alıb doğma kəndində birinci sinifə getmişdi. Orta təhsilini tamamladıqdan sonra Sumqayıt şəhərində yerləşən Texniki Peşə Məktəbinə qəbul olunmuşdu.
Sonra isə SSRİ daxili qoşunlarında hərbi xidmətini müvəffəqiyyətlə başa vurmuşdu. Vətən dara düşəndə Vətənin harayına çatmışdı. Laçın rayonunda, Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölüyə üzv olaraq daxil edilmişdi. Gecə-gündüz, yaxın-uzaq demədən doğma rayonunun – Cicimli, Səfiyan, Hoçaz, Fərəcan, Pircahan, Suarası kəndlərinin qorunmasında yaxından, şərəflə iştirak etmişdi.
Məzahir İsmayılov nəinki Laçının, hətta Kəlbəcərin, Qubadlının, Cəbrayılın, Füzulinin yad elli işğalçılardan qorunması yolunda böyük xidmətlər göstərmişdi. O amalı, məqsədi yolunda ölmüş, lakin geri çəkilməmişdi. Bu igid qəhrəman döyüşçü Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə -1994-cü ilin aprel ayının 21-də qəhrəmancasına Şəhid olmuşdu.
Məzahir İsmayılov Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında uyuyur. Ondan yadigar qalan iki övladı var; – Sədi və Sahilə.
Məzahir Sədi oğlu İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir.
Şəhidin xatirəsi Laçın rayonunun Cicimli kənd tam orta məktəbində əbədiləşdirilib. Məktəbə Məzahir Sədi oğlu İsmayılovun adı verilib.
Allah rəhmət eləsin!
