AZAL Bakı–Naxçıvan reyslərinin bir hissəsini ləğv edib – səbəb hava şəraiti göstərilir

AZAL Bakı–Naxçıvan reyslərinin bir hissəsini ləğv edib – səbəb hava şəraiti göstərilib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Hava Yolları (AZAL) dünən həyata keçirilməsi planlaşdırılan Bakı–Naxçıvan marşrutu üzrə bir sıra reysləri ləğv edib.

Şirkətin yaydığı məlumata görə, qərar Naxçıvan Beynəlxalq Hava Limanında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar qəbul edilib. AZAL bildirir ki, əsas məqsəd sərnişinlərin və uçuş heyətinin təhlükəsizliyini təmin etməkdir.

Reyslərin ləğvi bəzi sərnişinlərin narazılığına səbəb olub. Onların bir qismi sosial şəbəkələrdə və müxtəlif platformalarda paylaşdıqları fikirlərdə hava şəraitinin yeganə səbəb olmadığını iddia edirlər.

“Gündəlik Naxçıvan”-nın verdiyi məlumatda o da qeyd olunur ki, bəzi sərnişinlərin sözlərinə görə, müəyyən hallarda sərnişin reyslərinin ləğv edilərək təyyarələrin daha gəlirli hesab olunan yük daşımalarına cəlb olunduğu ehtimalı var. Bununla belə, AZAL tərəfindən bu iddialarla bağlı hər hansı rəsmi açıqlama verilməyib.

Sərnişinlər, həmçinin uçuşların təxirə salınması və ya ləğvi zamanı yaranan çətinliklərə də diqqət çəkirlər. Onların sözlərinə görə, bəzi hallarda yeni reys gözləməli olur, biletin geri qaytarılması zamanı isə tutulmalarla bağlı narazılıqlar yaşayırlar.

Bakı–Naxçıvan hava xətti muxtar respublika ilə ölkənin əsas hissəsi arasında ən vacib nəqliyyat əlaqələrindən biri hesab olunur. Alternativ nəqliyyat imkanlarının məhdud olması səbəbindən bu marşrut üzrə uçuşlarda baş verən dəyişikliklər sərnişinlərin səfər planlarına və gündəlik fəaliyyətinə birbaşa təsir göstərir.

Qeyd edək ki, reyslərin ləğvi və ya dəyişdirilməsi ilə bağlı sərnişinlər AZAL-ın rəsmi məlumatlarını izləyə və əlavə məlumat əldə etmək üçün şirkətin müştəri xidmətləri ilə əlaqə saxlaya bilərlər.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın