Avropanın qürubu – 2
I Dünya Müharibəsindən sonra əslində Britaniya məqsədinə çatmışdı – kontinental Avropada ona qarşı dayana biləcək qüvvə qalmamışdı. Bütün imperiyalar Abbas Səhhətin “Ayı və şir” təmsilindəki kimi taqətdən düşmüşdülər, Britaniya da tülkü kimi ovu götürə bilərdi. Lakin gözlənilmədən 1924-cü ildə SSRİ yaradıldı və o sürətlə inkişaf etməyə başladı. SSRİ Britaniya üçün təkcə biznes rəqibi deyildi, o daha təhlükəli – ideoloji rəqib idi. Britaniyanın içində də SSRİ-yə – ilk sosialist dövlətinə rəğbət bəsləyənlər çox idi. Bu isə Britaniyanın müstəmləkəçi dünya hakimiyyəti üçün böyük təhlükə idi. Məqsəd aydın idi – SSRİ məhv edilməlidir.
Lakin Britaniya müharibə özü aparmaq istəmirdi, həm də onun SSRİ ilə müharibə aparmaq gücü də yox idi. Belə müharibədən sonra Britaniya hətta hipotetik olaraq qalib gəlsəydi də o çox zəifləyəcək və dünya imperiyası statusunu itirəcəkdi. Deməli, başqa bir güclü dövlət tapmalı və onu SSRİ-yə qarşı taran kimi istifadə etməli idi. Axtardılar, axtardılar və tapdılar – Almaniya. I DM-dəki məğlubiyyətdən sonra revanş hissi ilə yaşayan, böyük sayda kasıb əhalisi, yaxşı döyüş ənənəsi olan Almaniyanı inkişaf etdirib, Rusiyaya qarşı yönəltmək olardı.
04.01.1932 tarixində Monteqyu Norman (Bank of England-ın 1920-1944-cu illərdə direktoru) Hitler və Frans fon Papenlə görüşdü və görüş zamanı NSDAP-ın (faşist partiyası) maliyyəşdililməsi haqqında gizli razılaşma imzalandı. Görüşdə Allen Dalles də iştirak etmişdi. M.Norman haqda: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3964045887244826
1933-cü ildən 1939-cu ilədək Hitlerin əsas maliyyəçiləri Bank of England və FRS, həmçinin onlara bağlı banklar olub. Hitlerin başçılığı ilə NSDAP-ın 1933-cü ilin noyabrında növbədənkənar parlament seçkilərində qalib gəlməsində bu bankların (yəni onların təmsil etdiyi ölkələrin) böyük rolu olub. Hitler Almaniyası sənayesinin inkişafında isə ABŞ-ın, xüsusən də Rokfeller və Fordum böyük xidmətləri olub. Münhen sövdələşməsində Çexoslavakiyanın Hitlerə qurban verilməsi də səbəbsiz deyildi – Britaniya bunu bilərəkdən etmişdi: Çexoslavakiyanın hərbi sənayesi Almaniyanınkından üstün idi, Almaniyanı gücləndirmək üçün bu aktivlər ona verilməli idi. Bu məsələni uzatmaq istəmirəm – o ayrı yazının mövzusu ola bilər. Demək istəyirəm ki, Avropanı Şpenqlerin gördüyü qürubdan anqlosakslar xilas etdilər – SSRİ ilə ölüm-dirim mübarizəsinə göndərmək üçün.
Bəs Fransa niyə məhv edilmədi? Çünki Britaniyanın planlarına görə Almaniya Rusiya üzərinə hücum etdikdən və qələbə qazandıqdan (buna əmin idilər) sonra o daha da güclü ola bilərdi. Almaniya SSRİ-ni çökdürməyə hazır olduqda Fransa (əsasən) və Britaniya (dəstək) Almaniyaya hücum etməli və onu çökdürməli idi. Hitler Britaniyanın planını başa düşdüyü üçün gözlənilmədən (belə danışılmamışdı) Fransaya hücum etdi. Hitler başa düşürdü ki, arxasını etibarlı etməyincə şərqə hücum etməyi çox təhlükəlidir.
II DM-də Almaniya məğlub oldu. Bütün Avropa böyük insan itkisi vermiş, iqtisadiyyatı çökmüş, şəhərlər xarabazarlığa dönmüşdü. Hətta ərazisində, demək olar ki, müharibə getməyən Britaniya belə iqtisadi cəhətdən çox ağır vəziyyətdə idi, ölkənin ABŞ-a rekord səviyyədə borcu yaranmışdı. Yəni Avropa yenə qürub dövrünə qədəm qoymuşdu. Bu dəfə onu xilas edən ABŞ oldu. Niyə?
Müharibədən 3 qalib ölkə (SSRİ, ABŞ, Britaniya) çıxsa da Britaniya faktiki olaraq məğlub ölkə statusunda idi – 10-15 il sonra bu onun müstəmləkələrini itirməsi ilə nəticələndi. Dünyada 2 supergüc yaranmışdı – ABŞ və SSRİ. O vaxt dünyanın əsas siyasi, elmi, mədəni, texnoloji meydanı Avropa idi. ABŞ SSRİ-nin bütün Avropanı təsiri altına almasına imkan verə bilməzdi. Həm də müharibə dövründə dünya fabrikinə çevrilmiş ABŞ (indiki Çin kimi) müharibədən sonra mallarını satmaq üçün bazara malik olmalı idi. Bazarı əldə saxlamaq üçün isə onu SSRİ-dən təcrid etmək lazım idi. Bu məqsədlə ABŞ müharibədən dərhal sonra Qərbi Avropada fəaliyyətə başladı – 1949-cu ildə NATO yaradıldı, alyansın ümumi düşməni kimi SSRİ seçildi, bunun üçün ideologiya yaradıldı, Avropanı SSRİ-yə qarşı gücə çevirmək üçün onun iqtisadiyyatının inkişafına milyardlar xərcləndi (ABŞ-ın Marşal planı), Avropa üçün beynəlxalq ticarət dollara keçirildi, Avropaya kreditlər bu şərtlə verildi ki, onlar bu pula yalnız ABŞ mallarını ala bilərdilər, Avropa iqtisadiyyatının inkişaf etməsi üçün isə ABŞ öz bazarını onlar üçün tarifsiz etdi və s. Bir sözlə, ABŞ-ın sayəsində Avropa yenə qürub etməkdən xilas oldu.
Avropa ABŞ-ın “çətiri” altında 45 il “parazit” kimi yaşadı. 1991-ci ildə 2 Almaniya birləşdi. Yeri gəlmişkən, o vaxt Britaniya və ABŞ Almaniyanın birləşməsinin əleyhinə idilər. Həmin il SSRİ parçalandı və Rusiya yarımmüstəmləkə vəziyyətinə düşdü. Müqəddəs yer boş qalmır: SSRİ-nin (Rusiyanın) supergüc statusunu itirməsi Almaniyanın supergücə (iqtisadi cəhətdən) çevrilməsinə səbəb oldu. Almaniya Rusiyanın ucuz xammalı və özünün texnoloji üstünlüyü sayəsində sürətlə Avropanın ən güclü dövlətinə çevrildi və ətrafında başqa dövlətləri birləşdirməklə Aİ adı altında imperiyasını yaratdı (Maastrixt sazişi, 7 fevral 1992-ci il). İmperiya hətta öz pul vahidini də buraxdı.
Rusiya kimi nəhəng xammal bazasına əsaslanan (çünki artıq ideoloji baryer yox idi) Aİ 20 il ərzində elə inkişaf etdi ki, onun ÜDM-i qlobal ÜDM-də 20%-ə yaxınlaşdı. ABŞ-la ticarətdə Aİ hər il ~$100 milyard müsbət saldo əldə edirdi. Belə getsəydi, Aİ iqtisadiyyatı növbəti 10 il ərzində ABŞ-ı üstələyə bilərdi. Real iqtisadiyyatda onsuz da ABŞ-dan üstün idi, ABŞ üstünlüyünü xidmət sektoru sayəsində təmin edirdi.
Ardı var…
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi


