ARTIQ ÇOX GEC OLAR…

Anadoluda qurdlar böyük bir bəla sayılır… Bir qurd, qoyun və ya keçi sürüsünə girəndə yalnız birini aparar, amma bütün sürünü didib-parçalar. Artıq o sürüdən xeyir gəlməz…

Qoyun-keçidən başqa dolanışığı olmayan Anadolu kəndlisi, əgər sürüsünə belə bir qurd girmişsə, çökər, tükənər, aclıqla üz-üzə qalar. Ona görə də qurd gedib, səhər açıldığında sürü sahibləri gördükləri mənzərə qarşısında donub qalar, içləri isə qurda qarşı kinlə, qəzəblə dolub-daşar…

Belə vəziyyətdə kəndli qurddan qisas almaq istəyər. Atlarına minərlər, itlərini, iplərini götürərlər və qurd ovuna çıxarlar. Ən böyük məqsədləri – qisas üçün qurdu diri-diri tutmaqdır.

Onun da üsulunu yaxşı bilirlər və sonda qurdları diri-diri yaxalayırlar. Amma kinlə bağlandıqları, qisas almaq istədikləri qurda bircə zərbə belə endirməzlər.

Qurdu əsla incitməzlər.

Sadəcə möhkəm bir tel və ya kirişlə onun boğazına bir zınqırov bağlayar, sonra da qurdu oxşayaraq, belini sığallayaraq, hətta sevgi ilə öpərək azad buraxarlar.

Boğazında zınqırov olan qurd isə sevinə-sevinə, qaça-qaça kəndlilərdən uzaqlaşar.

Ancaq zınqırovlu qurd heç bir canlının yanına gedə bilməz. Çünki zınqırov səsini eşidən hər bir heyvan öncədən qaçar. Qurd isə boğazında zınqırov, bozkırlarda, dağlarda boş-boşuna qaçar durur.

Axırda qurd dağlarda aclıqdan əvvəl tədricən zəifləyər, sonra gücdən düşər və sonda bağıra-bağıra, fəryad edə-edə can verər.

Bu, insan ağlının düşünüb tapdığı ən dəhşətli işgəncələrdən, zülümlərdən biridir.

Qurd yalnız aclıq onu bürüyəndə anlayar ki, boğazına zınqırov taxarkən onu oxşayanların, belini sığallayanların, sevgi ilə öpənlərin əsl niyyəti nə imiş.

AMMA ARTIQ ÇOX GEC OLAR…

İlhamə ƏHMƏDOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights