ELAZ.İNFO xəbər verir ki, siyasi şərhçi Məhəmməd Əsədullazadə İran ətrafında cərəyan edən son hərbi-siyasi prosesləri təhlil edib. Ekspertin fikrincə, ali rəhbərliyin hədəf alınması sistemin müdafiə qabiliyyətinin tamamilə iflic olduğunu nümayiş etdirir.
Politoloq qeyd edib ki, İran rəhbərliyinin qısa müddətdə hədəfə gəlməsi ölkənin müdafiə sistemindəki nəhəng boşluqları üzə çıxardı:
Öz şəxsi təhlükəsizliyini təmin edə bilməyən qüvvələrin dövlətin və xalqın təhlükəsizliyini qoruması ciddi suallar doğurur. Ali rəhbərliyin bir hücumla sıradan çıxarılması sistemin çökdüyünü göstərir.
Ekspertin qənaətinə görə, yeni liderlərin seçilməsi belə, gələcəkdə onların yenidən hədəf olmayacağına təminat vermir. Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ-ın hədəfi İranı parçalamaq deyil, onu idarəolunan vəziyyətə gətirməkdir: Donald Tramp Əli Xameneinin olmadığı bir mühitdə Tehranla yeni şərtlərlə masaya oturmağa hazırdır.
Mühafizəkar dairələrin prezident Məsud Pezeşkiana daha geniş səlahiyyətlər verməsi böhrandan çıxışın yeganə siyasi yolu ola bilər. Vaşinqton üçün Pəhləvi tipli hakimiyyət dəyişikliyi və ya genişmiqyaslı separatizm arzuolunan deyil; hədəf nəzarət olunan razılaşmadır.
Şərhçi vurğulayıb ki, bu gərgin prosesdə rəsmi Ankara mühüm rol oynaya bilər. Türkiyənin həm Tehran, həm də Vaşinqtonla mövcud əlaqələri Pezeşkian hökuməti ilə ABŞ administrasiyası arasında dialoqun bərpasına kömək edə bilər.
Ruslan MƏMMƏDOV