ELAZ.İNFO xəbər verir ki, Moskvada keçirilən II Gnessin adına Beynəlxalq Pianoçular Müsabiqəsinin seçmələrindən sonra 57 istedadlı musiqiçi növbəti – əyani mərhələyə vəsiqə qazanıb. Fevralın 1-dən 8-nə qədər davam edəcək yarışmanın final mərhələsi Rusiya Musiqi Akademiyasının səhnəsində simfonik orkestrin müşayiəti ilə baş tutacaq.
Müsabiqənin münsiflər heyətinə Rusiyanın Xalq artisti, professor Vladimir Ovçinnikov rəhbərlik edir. İştirakçılar iki yaş qrupunda mübarizə aparırlar: 12-17 yaş arası: 27 pianoçu; 18-28 yaş arası: 30 iştirakçı.
İlk dəfə 2024-cü ildə görkəmli pianoçu Elena Gnessinanın 150 illik yubileyi münasibətilə təsis edilən bu layihə, qısa müddətdə böyük rəğbət qazanıb. Ötən il müsabiqəyə 11 ölkədən 180-dən çox müraciət daxil olmuş, onlayn yayımlar isə 30 mindən çox baxış toplamışdı. Bu il də gənc virtuozların çıxışları musiqi dünyasının diqqət mərkəzindədir.
Ruslan MƏMMƏDOV