26,229 GÜN DAVAM EDƏN SİLSİLƏ CİNAYƏT

Tarix sadəcə təqvim vərəqlərinin dəyişməsi deyil, bir millətin yaddaşına qanla qazınmış faktlar silsiləsidir. 1918-ci ilin qanlı martından bu günə — 2026-cı ilin 20 yanvarına qədər keçən 26,229 gün ərzində Azərbaycan xalqı sistematik bir yoxetmə, soyqırımı və deportasiya siyasəti ilə üz-üzə qalıb. Bu, təsadüfi toqquşmalar deyil, havadarların dəstəyi ilə idarə olunan vahid bir terror maşınının fəaliyyətidir.

1918-ci il: 150 Min Türkün Qanı İlə Yazılan Tarix

ELAZ.İNFO xəbər verir ki, Erməni daşnaklarının ən böyük cinayətlərindən biri 1918-ci ildə reallaşdı. Həmin dövrdə təkcə Bakı deyil, Azərbaycanın bütün coğrafiyası hədəfə alındı. Tarixi faktlar sübut edir ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ və İrəvan quberniyasında 150 mindən çox türk-müsəlman soydaşımız vəhşicəsinə qətlə yetirilib. Bu kütləvi qırğının əsas məqsədi Cənubi Qafqazda türk izini silmək və xəyali “Böyük Ermənistan” üçün təmiz ərazi yaratmaq idi. Bu cinayətdə bolşevik maskası geyinmiş Stepan Şaumyanın rəhbərlik etdiyi qüvvələr və onlara silah verən xarici havadarlar birbaşa iştirak edirdilər.

1948-1953: Deportasiya – Millətin Köç Yollarında Məhvi

Cinayət zəncirinin növbəti halqası 1948-1953-cü illəri əhatə edir. SSRİ rəhbərliyi, xüsusilə İosif Stalin tərəfindən imzalanan qərarlar erməni lobbisinin ən böyük qələbələrindən biri idi. 150 minə yaxın azərbaycanlı Ermənistan SSR-dən öz tarixi ata-baba yurdundan zorla çıxarılaraq Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Məqsəd Ermənistanı tamamilə azərbaycanlısızlaşdırmaq idi. İqlimə dözə bilməyən minlərlə yaşlı və uşaq bu “səssiz soyqırımı”nın qurbanı oldu.

20 Yanvar 1990: Azadlıq İradəsinə Qarşı İmprial Terror

20 Yanvar faciəsi bu zəncirin ən ağır halqalarından biridir. SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun birbaşa əmri və onun ətrafındakı erməni müşavirlərin planı ilə Bakıya yeridilən sovet ordusu 147 mülki vətəndaşı şəhid etdi. Bu terrorun məqsədi Azərbaycanın müstəqillik əzmini qırmaq və Ermənistanın Qarabağdakı işğalçı hərəkətlərinə maneəsiz şərait yaratmaq idi. Bu qanlı gecədə beynəlxalq hüquq normaları bəşəriyyətin gözü qarşısında tapdalandı.

1992: Xocalı – Əsrin Qanlı Ləkəsi

1992-ci il fevralın 26-da dünya müasir tarixin ən dəhşətli soyqırımı aktına – Xocalıya şahidlik etdi. Erməni silahlı birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı və texniki dəstəyi ilə 613 dinc sakini vəhşicəsinə qətlə yetirdi. Onların arasında 63 uşaq və 106 qadın var idi. Xocalı, Qaradağlı və Ağdaban kimi kəndlərdə törədilən vəhşiliklər erməni faşizminin və onları silahlandıran xarici güclərin ortaq cinayəti idi.

2020: XXI Əsrin Raket Terroru

Hətta müasir dövrdə də bu cinayət fəlsəfəsi dəyişmədi. 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında darmadağın edilən Ermənistan, Gəncə, Bərdə və Tərtər şəhərlərini ballistik raketlərlə hədəf aldı. Bu terror nəticəsində 100-ə yaxın mülki şəxs həlak oldu. Fransanın və digər bəzi Qərb dairələrinin Ermənistana verdiyi siyasi və hərbi dəstək bu silsilə cinayətlərin XXI əsr ayağını təşkil etdi.

ELAZ.İNFO redaksiyası olaraq, 26,229 gün davam edən bu zülm yolu Azərbaycanın Zəfəri ilə sarsıldı. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki bütün bu cinayətlərin törədildiyi torpaqlar artıq azaddır. Lakin 1918-ci ilin Mart soyqırımından Xocalıya, 20 Yanvardan Vətən müharibəsinə qədər uca millətimizin varlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz, 26,229 gündür davam edən bu silsilə cinayətlərin ağrısını ürəyimizdə daşıyır, eyni zamanda Azərbaycanın bərpa olunmuş ərazi bütövlüyü ilə qürur duyuruq. Bu kədərli, lakin şərəfli gündə: Azərbaycan xalqına, Dünyanın dörd bir yanındakı soydaşlarımıza, Bütün Türk-dilli millətlərə və uca Türk dünyasınadərin hüznlə başsağlığı veririk. Şəhidlərimizin əziz xatirəsi hər zaman yolumuzu işıqlandıracaq, onların qanı ilə yazılan tarix bizim milli kimliyimizin sarsılmaz qalası olacaqdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights