19 mart – küllərindən doğan millətin, Ergenekondan çıxışın simvolik tarixidir. Bu gün türklərin yenidən yüksəlişini, qaranlıq anlardan belə birlik və iradə ilə çıxma gücünü göstərən bir tarixdir. Dünyada, ətrafımızda müharibələr və çətinliklər yaşanarkən, bizim torpaqlarda hökm sürən sabitlik və sülh daha böyük dəyər qazanır. Biz tarix boyu sübut etmişik ki, nə qədər sınaq olsa da, yenə ayağa qalxan bir millətik. Ergenekondan çıxışın 19 martda olması da yəqin ki, təsadüf deyil. Baharın gəlişi, təbiətin oyanması fonunda, həm də bir millətin yüksəlişi bu təqvimlə bağlıdır. Bu səbəbdən 19–21 mart günləri türk dünyasında həm mifoloji, həm də mədəni olaraq yenilənmə və gücün yenidən doğması ilə əlaqələndirilir.
Ergenekon türk mifologiyasında və tarix yaddaşında çox mühüm yer tutan bir əfsanədir.
Ergenekon, qədim türklərin düşmənlər tərəfindən məğlub edildikdən sonra sığınıb uzun illər yaşadığı, dağlarla əhatə olunmuş gizli bir vadə kimi təsvir olunur. Əfsanəyə görə Türklər burada yüz illərlə yaşayıb çoxalırlar,sonra vadədən çıxmaq üçün dəmir dağları əridirlər. Beləcə azadlığa qovuşurlar.
Bu hadisə türklərin yenidən dirçəlişi və azadlığa çıxışı kimi qəbul olunur.
19 mart tarixi xüsusilə Novruz bayramı ərəfəsinə düşür. Ergenekon əfsanəsi ilə Novruz arasında əlaqə deməzdim,elə Novruzun özüdür.
Bəzi türk xalqlarında Ergenekondan çıxış günü Novruzla eyniləşdirilir.Bu gün yeni başlanğıc, azadlıq və baharın gəlişi kimi simvolizə olunur .Odun yandırılması və dəmir döymə kimi ənənələr də bu miflə əlaqələndirilir.
Ergenekon sadəcə əfsanə deyil, həm də, çətinlikdən sonra dirçəliş,millətin yenidən doğuşu,azadlıq uğrunda mübarizəsi kimi dəyərləndirilə bilər.
Natəvan Bəydili