Ortaq dilimiz üçün tarixi imkan yaranıb…
Qanlı sovet-bolşevik diktatoru İosif Stalin “SSRİ” adlı süni dövlətin “çətir”i altında zorla birləşdirilən xalqların tarix şüurunu və qan yaddaşını silmək üçün cürbəcür eksperimentlər aparır və onların adlarını dəyişirdi. Buna müvafiq olaraq həmin xalqların dillərinin də adı dəyişdirilirdi.
Adları və dilləri repressiyaya məruz qalan xalqlar ilk növbədə Cənubi Qafqaz və Türküstanın (Mərkəzi Asiya) türk xalqları idi. Moldovanlar (rumınlar) da eyni siyasətin qurbanı olmuşdular. Belə ki, Moldovanın rumın əsilli xalqının adını dəyişib “moldovan dili” və ya “Moldaviya dili” (Лимба Молдовеняскэ) qoymuşdular.
Moldova dövləti bu tarixi cinayəti 2023-cü ildə aradan qaldırdı.
Moldovanın xanım prezidenti Maya Sandu 2023-cü ilin martında dövlət dilinin adının “Moldova dili”ndən “Rumın dili”nə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqlədi.
Bununla bağlı özünün Facebook hesabında paylaşım edən M.Sandu bu sözləri yazaraq dövlət dilinin adının dəyişdirilməsinin hamını birləşdirəcəyinə ümidlərini ifadə etmişdi:
“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. Mən istəyirəm ki, rumın dili bizim burada yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”.
O vaxtdan iki il keçib. Və zaman göstərdi ki, Moldovanın dövlət dilinin rumın dili kimi təsdiqlənməsi həqiqətən də düzgün qərarmış.
Latın əlifbasına əsaslanan Moldova dili ilə rumın dili tamamilə eyni dil il olduğuna görə bu gün Moldova və Rumıniya da eynilə bizim kimi “bir millət, iki dövlət” anlayışı ilə yaşayır.
Hazırda ölkənin bütün məktəb və universitetlərində Moldova Respublikasının rəsmi dövlət dili “Rumın dili” adıyla keçilir. Yalnız separatçı Dnestryanı bölgəsi istisna təşkil edir. Moskvanın nəzarəti altında olan bu bölgədə hələ də köhnə Kiril əlifbasına əsaslanan “Moldova dili” tədris olunur.
Xatırladaq ki, 1936-cı ilə qədər Azərbaycanın da rəsmi dövlət dili “Türk dili” adlanıb. Ancaq 1936-cı ildə isə Stalinin göstərişi və Mircəfər Bağırovun səyləri ilə “Türk dili” adı məcburi olaraq “Azərbaycan dili” adıyla əvəzlənib. Bu da həm Türkiyə ilə, həm də Türküstan ilə Azərbaycan arasında bağları qoparmaq, yadlaşdırma siyasəti aparmaq məqsədilə edilib.
Dilimizi yenidən öz əvvəlki adına qaytarmaqla və Azərbaycan türkcəsinin bütün Türk dünyasının ortaq dili elan edilməsinə nail olmaqla Stalinin ana dilimizə qarşı tarixi səhvini düzəltmək üçün indi əlverişli məqam yetişib.
P.S. Qarşıdan isə Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə toplantısı gəlir. Oktyabrın 7-də Qəbələdə keçiriləcək bu Zirvə görüşündə Ortaq Türkcə məsələsi də müzakirə oluna bilər.
Bəybala MİRZƏYEV
Siyasi şərhçi