ELAZ.İNFO xəbər verir ki, 15 aprel XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı akademik Zərifə xanım Əliyevanın anım günüdür.
Görkəmli dövlət xadimi və alim Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım oftalmoloq-alim kimi ömrünü ölkəmizin tibb elminin inkişafına həsr etmişdir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar, zəngin elmi fəaliyyəti Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. O, dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur.
Zərifə xanım, xüsusilə 40-cı, 50-ci illərdə Azərbaycan ərazisində geniş yayılan traxoma kimi sosial xəstəliklərlə mübarizədə qabaqcıl elmi yanaşmaları tətbiq edərək, oftalmologiyanın təkcə müalicə sahəsi deyil, həm də profilaktika və ictimai sağlamlıq aspektlərinə yönəlik inkişafına təkan vermişdir.
Zərifə xanımın apardığı tədqiqatlar nəticəsində traxomanın müalicəsində sintomisin preparatının tətbiqi geniş vüsət almışdır. Onun elmi əsaslarla hazırladığı müalicə metodikası nəticəsində bu təhlükəli infeksiyanın qarşısı alınmışdır, ölkə üzrə əhalinin görmə sağlamlığının qorunmasında böyük irəliləyiş əldə olunmuşdur.
1981-ci ildə Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş, bu mükafat Sovet məkanında oftalmologiya sahəsində ən yüksək elmi təltiflərdən biri sayılırdı. Bu, Zərifə xanımın ümumittifaq miqyasında elmi ictimaiyyətə verdiyi töhfələrin bariz nümunəsidir.
Elmi ictimaiyyət Zərifə xanımı yalnız tanınmış alim kimi deyil, eyni zamanda incəqəlbli, mədəni, ailəsinə və Vətəninə sadiq bir insan kimi tanımışdır.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub.
Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn edilmişdir. Onun məzarı bu gün də elmə, insanlığa və maarifçiliyə xidmətin rəmzi kimi ziyarət olunur. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu gün də Onun elmi və mənəvi irsini yaşatmaqda davam edir.
Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında qeyd etmişdir:
-“Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.
Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda, həm də göz önündə mənəvi saflığın, kamilliyin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır.
Onun xatirəsi, bütövlükdə cəmiyyətin elmi, mənəvi və ictimai yaddaşında əbədi yaşayacaq.
Esmira RƏHİMOVA