Ermənilərin “Xot” adlandırdığı Xotanan kəndi tarixən Türk məskəni olub.
Kənd ərazisində bu gün də Türk tayfa Damğası olan qədim məzar daşı mövcuddur. Bu damğa Zəngəzurda türklərin minilliklərə dayanan izlərinin canlı şahididir.
Tarixi mənbələrdə Xotan adlı Türk tayfasının mövcudluğu xüsusi qeyd olunur. Eyni adın uyğurların yaşadığı, bugün Çin sərhədləri daxilində qalan Tarım hövzəsindəki Xotan (Hotan) bölgəsi ilə səsləşməsi, bu etnonimin türk coğrafiyasında geniş yayıldığını göstərir. Bu paralellik Xotanan toponiminin də köklü türk mənşəyini təsdiq edir.
Arxiv mənbələrinə görə, kəndin demoqrafik göstəriciləri belədir:
1873-cü il – 53 nəfər
1886-cı il – 58 nəfər
1897-ci il – 74 nəfər
1904-cü il – 91 nəfər
1914-cü il – 81 nəfər
Bu illərin hamısında kəndin əhalisi tamamilə Azərbaycan Türklərindən ibarət olmuşdur.
1918-ci ildə Xotanan erməni təcavüzünə məruz qalmış, sakinləri tarixi-etnik torpaqlarından deportasiya edilmişdir.
1920-ci ildə isə kənd tamamilə ləğv edilmiş və bu gün xarabalıq vəziyyətindədir.
Zəngəzurun türk yaddaşının yaşadılması və gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur.
Sabit COCULU