İndi bir təlxək çıxıb yazır ki guya bu gün hamını “ChatGPT yazar edib”. Bu cür iddialar adətən insanın öz daxili kasadlığının, düşüncə yoxsulluğunun səsidir. Çünki bu gün təhsili, dünyagörüşü, həyati təcrübəsi olan bir insan süni intellektdən texniki vasitə kimi istifadə edərək yaşadıqlarını, başına gələnləri qələmə alırsa, bu, onun ruhundan və ürəyindən gələn sakit, dərin bir səsin ifadəsidir. Heç bir süni intellekt insanın ağrısını, həyat dərsini, taleyin izini, içindəki yanğını onun özü qədər ifadə edə bilməz.
Bəli, müasir dövrdə hər hansı dünyəvi sual yarananda texnologiyadan istifadə etmək reallıqdır və bundan qaçmaq mümkün də deyil. Amma insan həyat baxışını, düşüncə tərzini, inancını, mövqeyini yazıya çevirirsə, bu artıq Allahın ona verdiyi zəkanın, düşüncə qabiliyyətinin, illərlə formalaşmış şüurun məhsuludur. Süni intellekt köməkçi ola bilər, amma ruh verə bilməz. Ruh yalnız insana məxsusdur. Unutmayaq ki, hər kəs özü necədirsə, qarşısındakını da o ölçüdə dəyərləndirir. Daxili boş olan hər kəsi boş görür, düşüncəsi səthi olan hər kəsi səthi zənn edir. Mən şair deyiləm, özümü yazar da saymıram. Mən sadəcə bir hüquqşünasam. Sadə bir ailədə böyümüşəm və bu gün də o sadəliyi qoruyub saxlamağa çalışan bir insanam. Mənim elmi biliyim, danışığım, fikrimi sözlə ifadə etmə bacarığım bir günün, bir tətbiqin, bir proqramın nəticəsi deyil. Bu, illərlə oxunan kitabların, çəkilən zəhmətin, yaşanan həyatın, müşahidə edilən insanların, görülən haqsızlıqların və edilən mübarizənin nəticəsidir. ChatGPT yox idi, internet bu qədər əlçatan deyildi, amma mən yenə öz fikirlərimi qələmə ala bilirdim, hüquqi mövzuları qısa və aydın izah edir, eyni zamanda ədəbi dildə ifadə etməyi bacarırdım. Çünki bu bacarıq hazır gəlmir, onu zaman formalaşdırır. Buna görə də bu gün mənim sözlərimi ifadə etmək üçün süni intellektə ehtiyacım yoxdur. İllərlə topladığım elm, formalaşdırdığım düşüncə və ədəbi zövq mənə yetərlidir.
Mən o yaşda və o mərhələdə deyiləm ki, kiməsə özümü sübut etməyə çalışım. Heç kimdən heç nə gözləmirəm. Gözləntisi olmayan insanın izah verməyə də borcu yoxdur. İnsanı proqramlar yox, illər yetişdirir. Süni intellekt yox, həyat tərbiyə edir. Zəkanı internet yox, çəkilən əziyyət formalaşdırır.
Əli İbrahimov