Azərbaycan Respublikasının Vətən müharibəsində qazandığı tarixi qələbənin beşinci ildönümü münasibətilə noyabrın 8-də Bakının Azadlıq Meydanında keçirilən hərbi parad təkcə bir bayram tədbiri deyildi. Bu, həm də Azərbaycanın dövlət gücünün, milli birliyinin və hərbi qüdrətinin möhtəşəm nümayişi idi. Beş il öncə xalq-ordu birliyinin yaratdığı qələbə bu gün artıq ölkəmizin regional mövqeyini müəyyənləşdirən, sülh və təhlükəsizlik arxitekturasının əsasını təşkil edən strateji reallığa çevrilib.
Azadlıq Meydanında nümayiş olunan hərbi texnika və canlı qüvvə Azərbaycanın müdafiə potensialının hansı səviyyəyə çatdığını bir daha sübut etdi. Parad zamanı təqdim edilən müasir zirehli texnikalar, pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri və döyüş aviasiyası Azərbaycanın hərb sənayesinin möhtəşəm uğurudur.
Xüsusilə bu il ilk dəfə nümayiş olunan yeni nəsil PUA-lar, idarəolunan raket platformaları və zirehli maşınlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və müdafiə imkanlarının keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərdi. Əgər 2020-ci ildə orduda təxminən 2000 xüsusi təyinatlı mövcud idisə, bu ilki paradda artıq 4000-dən çox xüsusi təyinatlı keçid etdi.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin parad zamanı səsləndirdiyi çıxış həm siyasi, həm də mənəvi baxımdan güclü bir mesaj idi. Dövlət başçısı xatırlatdı ki, vaxtilə “Bakıda çay içmək” kimi sərsəm arzular səsləndirən separatçılar bu gün doğrudan da Bakıda, lakin həbsxanada “çay içirlər”. Bu, ədalətin bərpası, 30 illik həsrətin sonu və tarixin ibrət dərsi idi.
Eyni zamanda, Prezidentin qeyd etdiyi kimi, bir vaxtlar düşmənin bizə qarşı yönəltdiyi hərbi texnikanın bu gün “Hərbi Qənimətlər Parkı”nda sərgilənməsi qələbənin həm rəmzi, həm də ideoloji təcəssümüdür. Bu, təkcə keçmişin yaddaşı deyil, həm də gələcək nəsillər üçün dərsdir, çünki ədalət və vətən sevgisi üzərində qurulan bir dövlət heç vaxt məğlub olmur.
Bu gün Azərbaycan Ordusu yalnız hərbi güc nümayiş etdirmir, eyni zamanda regionda sülhün və sabitliyin əsas təminatçısı kimi çıxış edir. Qarabağda 2020-ci ildə başlayan yeni reallıq bu gün tam möhkəmlənib: Azərbaycanın suverenliyi bərpa olunub, ölkə ərazisində qanunsuz hərbi birləşmələr yoxdur.

Azərbaycanın müdafiə doktrinası artıq təkcə sərhədlərin qorunması ilə məhdudlaşmır, bu doktrina regionda təhlükəsizliyin, sabitliyin və qarşılıqlı hörmətin təminatına əsaslanır. Bu səbəbdən də artıq heç bir dövlət Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürməyə cəsarət etmir.
Paradda qardaş Türkiyə və Pakistan dövlət başçılarının iştirakı xüsusi rəmzi məna daşıyırdı. Bu iki ölkə Vətən müharibəsi dövründə Azərbaycana siyasi, diplomatik və mənəvi dəstək göstərməklə qardaşlıq münasibətlərini sözlə deyil, əməllə sübut etdilər.
Azadlıq Meydanında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının yanaşı dalğalanması təkcə minnətdarlığın deyil, həm də ortaq taleyin, ortaq mübarizənin göstəricisi idi. Bu, “bir millət, üç dövlət” ideyasının canlı təzahürü kimi tarixə düşdü.
Bu parad bir daha göstərdi ki, Azərbaycanın ən böyük gücü onun xalq-ordu birliyindədir. 44 günlük Vətən müharibəsində bu birlik tarixi zəfərin əsasını qoydu, bu gün isə dövlətin dayanıqlığının və gələcək inkişafa olan inamın əsas dayağıdır.
Meydanı dolduran minlərlə insanın gözlərində həm qürur, həm minnətdarlıq, həm də inam var idi. Bu inam Azərbaycan bayrağının daim yüksəklərdə dalğalanacağına, ordumuzun isə hər zaman Vətən keşiyində mətin dayanacağına olan inamdır.
Beş il öncə qazandığımız Qələbə bu gün artıq Azərbaycanın milli kimliyinin ayrılmaz parçasıdır. Azadlıq Meydanında keçirilən möhtəşəm parad bir daha sübut etdi ki, Azərbaycan Ordusu təkcə güclü deyil, həm də ədalətli bir ordudur. Bu ordu müharibə ilə deyil, sülhlə qalib gəlməyə qadirdir.
Bu gün hər bir azərbaycanlı əmindir: ölkəmizin müstəqilliyi, sabitliyi və təhlükəsizliyi etibarlı əllərdədir. Ordumuz xalqın inamını qazanmış, dövlətin şərəfini qoruyan, gələcəyin qarantına çevrilmiş bir milli qüvvədir.
Azərbaycan bu gün qalib təkcə ölkə kimi deyil, qalib xalq kimi tanınır. Bu uğurun, qalibiyyətin simvolu, hər zaman olduğu kimi, Azərbaycan Ordusudur.
Xanoğlan Əhmədov
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri
