“Yura Şatunovun ailəsi Razindən 1 milyard rubl tələb edir: Dələduzluq işində yeni detallar”

ELAZ.İNFO xəbər verir ki, “Laskovıy may” qrupunun mərhum solisti Yuri Şatunovun ailəsi, prodüser Andrey Razinə qarşı açılmış cinayət işi üzrə ümumi zərər məbləğinin 1 milyard rubla (təxminən 11 milyon dollar) çata biləcəyini bəyan edib. Əvvəlcə bu məbləğ 500 milyon rubl olaraq qiymətləndirilirdi.

Zərər məbləğinin ikiqat artmasına səbəb, istintaq materiallarında Razinin Şatunovla bağladığı iddia edilən saxta müqavilə ilə bağlı ikinci dələduzluq epizodunun ortaya çıxmasıdır. Məlumata görə, Razin uzun müddət qrupun mahnılarının müəllifi Sergey Kuznetsovun saxta imzası ilə qanunsuz qazanc əldə edib. Sonradan isə o, Şatunovun guya 2013-cü ildə öz adını, obrazını və bütün mahnı ifa hüquqlarını prodüserə verdiyinə dair sənədləri saxtalaşdırmaqda ittiham olunub.

Ekspertizalar müəyyən edib ki, Razinin 1992 və 2013-cü illərə aid etdiyi müqavilələr saxtadır. Əslində, Şatunovun imzaladığı orijinal sənəd Razinə yalnız qrupla bağlı məlumatları mediada dərcləmək hüququ verirmiş, müəllif hüquqlarını deyil.

Qeyd edək ki, hazırda Andrey Razin Moskva məhkəməsi tərəfindən qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. İstintaq məlumatlarına görə, prodüser ABŞ-da gizlənir və Rusiyaya qayıtmaq niyyətində deyil. Rusiya ilə yanaşı Türkiyə vətəndaşlığı da olan Razini 10 ilə qədər həbs cəzası gözləyir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights