ELAZ.İNFO xəbər verir ki, Afina İsraillə “Axilles Qalxanı” hava hücumundan müdafiə planı ilə bağlı danışıqları bərpa edir. İsrailin Spyder sistemi Rusiya istehsalı olan OSA-AK və TOR-M1-i əvəz edəcək.
Yunanıstan qabaqcıl hava hücumundan müdafiə sistemini əldə etmək üçün İsrail ilə danışıqları bərpa edəcək.
Yerli medianın məlumatına görə, bu, Afina hökumətinin “Axilles Qalxanı” hava hücumundan müdafiə şəbəkəsi planının bir hissəsidir. Danışıqlar İsrailin Qəzzada soyqırım müharibəsi zamanı dayandırılıb.
Kathimerini qəzetinin məlumatına görə Yunanıstan köhnəlmiş müdafiə sistemlərini hədəf alan siyasi tənqidlərdən yayınmağa çalışır. İsrailin Spyder sistemi uzun müddətdir texniki xidmət və ehtiyat hissələri çatışmazlığından əziyyət çəkən Rusiya istehsalı olan qısa mənzilli OSA-AK və TOR-M1 sistemlərini əvəz edəcək.
Eynilə, Barak MX sisteminin orta mənzilli Amerika Hawk bölmələrini əvəz etməsi gözlənilir.
Kathimerini həmçinin bildirib ki, Afina həmçinin İsrailin “David’s Sling” sisteminin SkyCeptor versiyasını əldə etməkdə maraqlıdır. Yunanıstan bunların Rusiya istehsalı olan S-300-lərlə əvəz olunmasını istəyir.
Qəzetin məlumatına görə, planın ilkin dəyəri təxminən 3 milyard avro olaraq qiymətləndirilir və bildirilir ki, bu məbləğ Qərbi Trakya və Şərqi Egey dənizinin adalarını əhatə etmək üçün kifayətdir.
İlahə BAYINDIR
