Yeniyetmələrin intihar halları cəmiyyətin ən ağrılı və narahatedici problemlərindən biridir. Bu faciəvi hadisələrin arxasında duran səbəblər dərin, çoxşaxəli və kompleks xarakter daşıyır. Gənc yaşda olan bir insanın yaşama istəyi yerinə ölümə üstünlük verməsi təkcə ailəsi üçün deyil, bütövlükdə cəmiyyət üçün böyük bir faciədir.
İntihar hallarının əsas səbəbləri arasında psixoloji təzyiqlər, ailədaxili zorakılıq, məktəbdə və ya sosial mühitdə baş verən mobbinq və təhqir, internetdə yayılmış neqativ tendensiyalar, sosial şəbəkələrdəki mənfi təsir, sevgi münasibətlərində yaşanan uğursuzluqlar, müəllim və valideyn təzyiqləri, narkotik və spirtli içkilərə yönəlmə, eləcə də gələcəklə bağlı ümidsizlik xüsusi yer tutur. Bəzən ailə tərəfindən düzgün dinlənilməyən, diqqətdən kənarda qalan, özünü təcrid olunmuş hiss edən uşaq tək çıxış yolunu intiharda görür. Həmçinin, bəzi hallarda uşaqlar arasında yayılan “oyun” adı ilə gizli şəkildə təşkil edilən psixoloji manipulyasiya nəticəsində də intihar hadisələri baş verir.
Bu məsələnin həlli üçün kompleks yanaşma zəruridir. Birinci növbədə, ailələrin maarifləndirilməsi, uşaqlara qarşı münasibətin şəfqətli və anlayışlı olması əsas şərtdir. Valideynlər övladlarını sadəcə nəzarət etməklə deyil, onları dinləməklə, anlayış göstərməklə qorumağa çalışmalıdırlar. Məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, peşəkar psixoloqların fəaliyyət göstərməsi, uşaqlarla fərdi və qrup şəklində müntəzəm işlərin aparılması vacibdir. Sosial şəbəkələrin təsiri nəzərə alınaraq müvafiq qurumlar tərəfindən nəzarət və filtr mexanizmləri gücləndirilməli, zərərli məzmunların yayılmasına qarşı hüquqi tədbirlər görülməlidir. Eyni zamanda yeniyetmələrə erkən yaşlardan emosional dayanıqlıq, stresə qarşı müqavimət, öz dəyərini anlama bacarıqları aşılanmalıdır.
Qanunvericilik baxımından Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Uşaqların hüquqları haqqında” Qanunda və bir sıra digər normativ aktlarda uşaqların psixoloji və fiziki zorakılıqdan qorunması, onların təhsilə, psixoloji yardıma və sosial təminata çıxış hüquqları təsbit edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və digər qurumlar bu istiqamətdə müxtəlif proqramlar həyata keçirsələr də, nəticələr göstərir ki, həyata keçirilən tədbirlər yetərli deyil və koordinasiyalı şəkildə aparılmalıdır. Uşaqların intiharına səbəb olan hallarda valideyn məsuliyyəti, məktəb rəhbərliyinin səhlənkarlığı, həmçinin internet resurslarını idarə edən şəxslərin fəaliyyəti araşdırılmalı və qanun qarşısında cavab verməlidirlər.
Praktiki tədbirlərə gəlincə, məktəblərdə mütəmadi olaraq psixoloji seminarlar keçirilməli, “həssas qrup” uşaqlar üçün xüsusi dəstək proqramları hazırlanmalıdır. Sosial işçilərin fəaliyyəti genişləndirilməli, hər bir məktəbdə minimum bir psixoloq və sosial işçi olmalıdır. Kütləvi informasiya vasitələri intihar hadisələrini sensasiya kimi təqdim etmək əvəzinə, profilaktik və maarifləndirici verilişlər yayımlamalıdır. Uşaq xəttləri və psixoloji dəstək xətləri gücləndirilməli, 7/24 fəaliyyət göstərməlidir.
Nəticə etibarilə, yeniyetmələrin intiharı tək bir şəxsin faciəsi deyil – bu, ailənin, məktəbin, cəmiyyətin və dövlətin üzərinə düşən ümumi məsuliyyətdir. Günahkarlar arasında yalnız bir fərdi axtarmaq yox, bu vəziyyəti doğuran amilləri aradan qaldırmaq əsas məqsəd olmalıdır. Gənclərin ruhunu sındırmadan, onları anlayaraq, yaşamaq eşqini aşılayaraq bir cəmiyyət kimi bu faciələrin qarşısını almaq mümkündür. Bu məsələdə gecikmək yeni itkilərlə nəticələnə bilər və hər bir insanın üzərinə düşən mənəvi və hüquqi məsuliyyəti unutmamaq lazımdır.
Əli İBRAHİMOV
