Yeni yüzilin strateji ortamına ən uygun seçənək ‘TRÇ’ ittifaqının qurulmasıdır

Dövlət Baxçalı nə üçün məhz Türkiyə-Rusiya-Çin (TRÇ) ittifaqının yaradılmasını təklif etdi?

Türkiyənin bəzi ekspertləri Milliyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalının bu təklifinin əsl hədəfini, məqsədini min yerə yozdular. Bəziləri hətta rişxənd dolu rəylər də yazdılar.

Lakin bu təklif, bu ideya əslində Dövlət Baxçalıya yox, Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana məxsusdur. Baxçalıya ayrılan rol isə sadəcə olaraq sözügedən təklifi səsləndirmək, ictimailəşdirmək idi.

Bəs, bu təklifin məhz indi gündəmə gətirilməsi hansı zərurətdən doğub? Ərdoğan-Baxçalı duetini belə dərindən narahat edən hansı amildir ki, onlar birdən-birə Rusiya və Çin kimi ənənəvi türk düşməni olaraq tanınan ölkələrlə böyük hərbi-siyasi ittifaq qurulmasına kəskin ehtiyac hiss edirlər?

Bu sualın cavabını D.Baxçalının öz açıqlamasından da tapa bilərik.

Dövlət Baxçalının açıqlaması:

“Dünyaya meydan okuyan ABŞ-İsrail şər koalisiyasına qarşı ağıla, diplomatiyaya, siyasətin ruhuna, coğrafi şərtlərə və yeni yüzilin strateji ortamına ən uygun seçənək ‘TRÇ’ ittifaqının qurulmasıdır. TRÇ ittifaqının Türkiyə, Rusiya və Çindən təşkil olunması arzu və təklifimizdir”.

Bu bəyanatın ilk cümləsindən də göründüyü kimi TRÇ ittifaqının qurulması ideyası ilk növbədə ABŞ və İsrail birliyinə (daha doğrusu, Tramp-Netanyahu alyansına) qarşı nəzərdə tutulub. Və cənab Baxçalı ABŞ-İsrail birliyini “şər koalisiyası” adlandırıb.

Nədən şər koalisiyası?

Çünki Ərdoğan və Baxçalı hesab edirlər ki, açıq şəkildə Trampın dəstəyinə güvənən Netanyahunun saldırganlığının, təcavüzkarlığının getdikcə genişlənməsi artıq nəinki Fələstin, Suriya və Qətərin, eləcə də Türkiyə və bir çox digər müsəlman ölkələrinin təhlükəsizliyinə ciddi bir təhdid yaratmağa başlayır. Başqa sözlə desək, Tramp və Netanyahunun müsəlman dünyasına qarşı yeni birgə planına start verilib, “Böyük Orta Doğu Projesi”nin yeni bir versiyası işə salınıb. Söhbət Türkiyəni və onun yaxın coğrafiyasını da içinə alan Yaxın və Orta Şərqi yenidən dizayn etmə planından gedir.

Bu plan həm də Türk dünyasına ciddi zərər toxundura biləcək bir plandır. Çünki bu planın mühüm bir tərkib hissəsi olan “İbrahimi sazişi”nə Azərbaycanın və Türküstan (Mərkəzi Asiya) dövlətlərinin də daxil edilməsi nəzərdə tutulur.

Ərdoğan və Baxçalı da ABŞ-İsrail alyansının məkrli planlarının qarşısını almaq üçün hazırkı məqamda müsəlman ölkələrini bir araya gətirməyin mümkün olmadığını başa düşdükləri üçün alternativ variant kimi TRÇ-nin yaradılması təklifi ilə çıxış etməyi qərara alıblar.

Bəs, Rusiya və Çinlə belə bir ittifaq qurmaq mümkündürmü? Axı Çin uyğur türklərinin əzildiyi bir ölkədir. Rusiya da həmçinin hal-hazırda bir çox türk xalqlarını əsarətdə saxlayır.

Bu arada Krım türklərinin milli lideri və Ukrayna millət vəkili Mustafa Cəmil Kırımoğlunun Baxçalının irəli sürdüyü TRÇ ittifaqının qurulması ideyasına sərt təpkisi də məhz əsarətdə olan türk xalqları ilə, o cümlədən Krım türkləri ilə bağlıdır.

M.C.Kırımoğlunun həmin açıqlaması:

“Baxçalının Türkiyə, Rusiya və Çin ittifaqının qurulması təklifinin əvvəlcə bir zarafat olduğunu düşündüm. Xəbərin doğruluğu təsdiqləndkdən sonra isə çaşqınlığa uğradım. Türk dünyasına ən çox zülm edən ölkələrin Türkiyə ilə yan-yana gəlməsinin heç bir anlamı yoxdur. Türk dünyasına ən çox əziyyət verən faşist Rusiya və kommunist Çindir. Sən onlarla ittifaq qurmak istəyirsən… Əgər bu dövlətləri seçirsənsə, orada bir boşluq var – Şimali Koreya və Belarusu da sox ora, qoy bütün pisliklər bir yerdə olsun. Bu nə deməkdir? İndi Krım yarımadası işgal altındadır, yüzlərlə insanımız isə həbsdədir. Sadəcə işgala qarşı olduqlarına görə insanlarımızı qaçırıb öldürürlər. İndi biriləri isə belə bir dövlətlə ittifaq qurmalıyıq deyir. Mənası nədir bunun? Bəs oradakı türkləri heç düşünmürsənmi?”.

Mustafa Cəmil Kırımoğlunun bu açıqlamasının məntiqi nəticəsi budur ki, Ərdoğan və Baxçalı TRÇ ittifaqı ideyasını gündəmə gətirməklə, əslində, bir şəri digər şər qüvvənin əliylə neytrallaşdırmağı, dayandırmağı təklif edirlər.

İkinci alternativ isə Avropa İttifaqı (Aİ) ilə Türk-İslam birliyinin yaradılmasıdır. Hazırda bir tərəfdən İsrailin, digər tərəfdən isə Rusiyanın təcavüzkarlığının getdikcə artması fonunda Türkiyə və Avropa İttifaqının təbii müttəfiqlərə çevrilməsi prinsip etibarilə mümkündür. Və son vaxtlar Türkiyə ilə Aİ arasında bu istiqamətdə müəyyən yaxınlaşma müşahidə olunmaqdadır. Lakin Avropa İttifaqı da yekdil və monolit birlik deyil. Və Türkiyə-Avropa müttəfiqliyinə mane olan bir çox amillər mövcuddur.

Lakin bütün hallarda təcavüzkar ölkələri, şər qüvvələri dayandırmaq üçün mümkün həll yolları, hansısa birlik modelləri tapılmalıdır.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizimlə oxuyun
Verified by MonsterInsights