Yeni Suriya hökuməti və Bəşər Əsəd səssizliyi

Artıq Suriyada yeni hökumət yaadıldı. Və bu hökumətdə təmsil olunan nazirlər təyin olunduqları sahələr üzrə aldıqları tapşırıqlara əsasən vəzifələrin icrasına başladılar. Hətta bu nazirlərin içərisində bir xanım nazir də var. Xanım nazirin yeni hökumətdə təmsil olunması yeni Suriyada demokratiya və qadın azadlığının mövcud olacağına dair işarələr, gözləntilər verməkdədir. Hələlik isə bu görüntüdür, müasir dünyaya yeni Suriya hökuməti ilə bağlı verilən mesajdır. Çəkdirilən və yayılan şəkillər, yeni hökumətin tərkibinin formalaşdırılması zamanı Prezident iqamətgahında deyilən təntənəli sözlər ciddi şəkildə  özünün icrasını gözləyir. Hər halda, bu formal iclaslar və deyilən nitqlər reallığa çevrilsə, illərlə evindən, eşiyindən didərgin düşən suriyalılar öz rahat həyatlarına dönər, azad, müstəqil, müharibəsiz bir ölkədə yaşamış olarlar. Bu onların haqqıdır. Yeni Prezident Əhməd əş-Şəraa onlara bu haqqı tanıdığını bəyan edib.

Məsələnin digər maraqlı tərəfi uzun illər Suriyada monarxiya rejiminin təmsilçisi və davamçısı olan Bəşər Əsəd ilə bağlıdır.

Soyuq şimal ölkəsində, rus təbəəliyində hegemon bir iddiaçı  əbədi səssizliyə, sükuta qərq olub sanki. Suriyada baş verənlərə qarşı heç bir münasibət göstərmir, reaksiya vermir. Görünən odur ki, qaçarkən özü ilə apardığı dolları, qızılları rubla çevirib,  başını aşağı salıb yemək, öz nəslini, sülaləsini qorumaq fikrindədir. Bəşər Əsədin bu seçimi onu nə qədər və necə qoruyacaq? Bunu irəlləyən zaman göstərəcək. Hələlik isə cilvəli dollarlar, göz qamaşdıran altınlar möhkəm mühafizə xəttidir.   

İlahə BAYINDIR

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights