ELAZ.İNFO xəbər verir ki, iyulda Tramp səs-küylü bir bəyanat verdi. Dedi ki, Rusiyanın hava zərbələrinin intensivləşdiyini nəzərə alaraq, Ukraynaya 17 “Patriot” verəcək. Düzdür, o:
Ukraynaya pulsuz silah vermir; silahı Ukraynaya yox, Avropa dövlətlərinə satır – onlar da Ukraynaya ya pulsuz, ya da kreditlə verirlər.
Həm də aydın olmadı ki, 17 “Patriot” deyəndə Tramp nəyi nəzərdə tuturdu. Aydındır ki, “Patriot”un raketlərini nəzərdə tutmurdu, çünki 17 raket heç nədir. “Patriot” zenit-raket kompleksidir (ZRK) və aşağıdakı əsas hissələrdən ibarətdir:
komanda məntəqəsi
RLS
buraxılış qurğuları – BQ (modifikasiyasından asılı olaraq, 4-8 ədəd ola bilər)
energetika bloku
köməkçi istismar avadanlıqları.
Bunlar hamısı birlikdə 1 “Patriot” batareyası adlanır. Qiyməti modifikasiyasından asılı olaraq $550 milyondan $1,2 milyarda qədərdir. ZRK-nın 1 raketinin qiyməti ~$3 milyondur. Batareyanın BQ-ləri bir-birindən kilometrlərlə aralı müxtəlif ərazilərdə yerləşdirilir. Rusiya dronlarla onları axtarır və yerini aşkar edən kimi onlara raket zərbəsi endirməyə çalışır. Bu səbəbdən tez-tez sıradan çıxan əsasən BQ-lər olur. Sıradan çıxan BQ-ni başqası ilə əvəz etmək olur.
Buna görə də Tramp 17 “Patriot” deyəndə batareya, ya BQ nəzərdə tutduğu məlum olmadı. 17 batareya həddən çoxdur, ABŞ hərbi anbarlarında heç 1 batareya da yoxdur. Mən də o vaxt yazmışdım ki, Tramp həmişəki kimi “küləkləyir”.
Sonra bu sxemin necə qurulduğu aydın oldu:
1) Avropa ölkələri ABŞ-dan “Patriot” alıb, Ukraynaya verməlidirlər.
2) Hazırda ABŞ anbarlarında “Patriot” yoxdur, lakin Ukraynaya ZRK-lar təcili lazımdır.
3) Avropa özündə istismarda olan “Patriot”ları Ukraynaya verir, onların əvəzində ABŞ-dan yeni daha baha “Patriot” almaq üçün növbəyə dayanır.
O vaxtdan artıq 3,5 ay keçib. Vəd edilən 17 “Patriot”dan 2-si yalnız bu günlərdə Ukraynaya verildi. 2 noyabrda Zelenski dedi ki, Ukrayna yeni “Patriot” sistemləri alıb. Bəs niyə belə gec?
Avropa əvvəldən Trampın bu “moşennik” sxemi ilə razı idi, daha doğrusu, razılaşmağa məcbur idi. Sadəcə, bir əmma var idi. Məsələ burasındadır ki, “Patriot” sifarişi üzrə 5 illik gözləmə siyahısı dolub. Yəni bu gün sifariş verən öz “Patriotu”nu ən yaxşı halda 5 il sonra ala bilər. ABŞ-ın həmişə daha prioritet təcili sifarişləri olduğu üçün sifarişin icrası 7-8 il də çəkə bilər. Buna görə də Avropa ölkələri özlərini ZRK-sız qoymaq istəmir, ABŞ-dan verəcəkləri “Patriot”un əvəzinə yenisini daha tez alacaqlarına təminat istəyirdilər. Nəhayət, razılığa gəlindi ki, gözləmə siyahısında olan İsveçrənin 2 “Patriot”u Almaniya və Norveçə satılacaq. Bundan sonra Almaniya və Norveç Ukraynaya hərəsi 1 batareya “Patriot” verdilər. Qalan 15-nin nə vaxt veriləcəyini heç kim bilmir.
İndiyədək Ukraynaya verilmiş “Patriot”ların sayına (son 2-sini nəzərə almasaq) baxsaq, nə vaxtsa Trampın vədinin reallığa çevriləcəyinə inanmaq olmur:
Almaniya – 5 batareya və 6 BQ,
ABŞ – 3 batareya (onlardan biri İsrailə məxsus idi),
Rumıniya – 1 batareya,
Niderland – 1 RLS və 5 BQ,
Cəmi: 9 batareya, 1 RLS, 11 BQ.
Onlardan neçəsi sıradan çıxıb, dəqiq məlum deyil. Lakin son vaxtlar ən çox müdafiə olunan Kiyevdə zavodların və energetika obyeklərinin tez-tez raket zərbələri ilə vurulmasını nəzərə alsaq, çoxunun sıradan çıxdığını zənn edə bilərik.
Yeri gəlmişkən, 3 oktyabrda Rusiya yenə “Kinjal” raketindən istifadə etdi. Rusiya bu bahalı raketi, bir qayda olaraq, “yağlı” hədəflər üçün istifadə edir. Güman ki, yeni “Patriot”ların BQ-ləri hədəf olub.
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi
